İyulun 1-dən Azərbaycanda kişilərin və qadınların pensiya yaşı bərabərləşərək 65 yaş olur.
Medianews.az bildirir ki, pensiya yaşında yenilik 2017-ci ildən tətbiq olunur. Həmin il kişilərin pensiya yaşı 62-dən 63-ə, qadınların pensiya yaşı 57-dən 60-a qaldırılıb, həmçinin 2017-ci il iyulun 1-dən başlayaraq yaş həddinin kişilərdə 2021-ci il iyulun 1-dək, qadınlarda 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılması qərara alınıb.
Kişilər 2021-ci il iyulun 1-dən 65 yaşda pensiyaya çıxır. Sabahdan qadınlarda da eyni yaş həddi qüvvəyə minir.
Pensiya yaşında artımın başladığı 2017-ci ilin əvvəlində Azərbaycanda 1 milyon 315,2 min nəfər pensiyaçı olub.
2018-ci ilə 1 milyon 318,4 min, 2019-cu ilə 1 milyon 295,5 min, 2020-ci ilə 1 milyon 270,5 min, 2021-ci ilə 1 milyon 228,8 min, 2022-ci ilə 1 milyon 200,5 min, 2023-cü ilə 1 milyon 114,2 min, 2024-cü ilə 1 milyon 95,9 min, 2025-ci ilə 1 milyon 98,3 min nəfər, 2026-cı ilə 1 milyon 98,9 min nəfər pensiyaçı rəsmiləşib.
Pensiyanın minimum məbləği 320 manatdır.
Qanuna görə, pensiya təyinatı üçün ya 25 il sığorta stajı, ya da minimum pensiya kapitalı gərəkdir. Minimum pensiya kapitalı minimum pensiya göstəricisinin (320) gözlənən pensiya ödənişi müddətinin (12 il) aylarının sayına (144) vurulmasından yaranır, hazırda 46080 manatdır.
2006-cı il yanvarın 1-dən 2018-ci il iyulun 1-dək hər hansı məbləğdə pensiya kapitalı toplamış və azı 1 il sığorta stajı olan şəxsə pensiya kəsilir, əks halda pensiya yaşı çatan şəxsə yaşa görə 220 manat aylıq müavinət verilir.
Toğrul Əli,
Medianews.az