Medianews.az
Piyada keçidlərindəki "ikibaşlı" qayda — Vəkil nöqtəni qoydu
251 baxış

Piyada keçidlərindəki "ikibaşlı" qayda — Vəkil nöqtəni qoydu

Piyada keçidlərində sürücü ilə piyadanın hüquq və vəzifələri uzun illərdir müzakirə olunan məsələlərdən biridir. Xüsusilə son dövrlərdə sürücülər arasında narazılıq yaradan əsas məqamlardan biri qanunvericilikdə “piyadaya yol vermək” anlayışının müxtəlif formada izah edilməsidir. Bir tərəfdən qaydalarda göstərilir ki, piyada sürücünün hərəkətinə mane olmamalıdır, qəza şəraiti yaratmamalıdır, digər tərəfdən isə piyada keçidinə ayaq qoyduğu andan ona yol verilməsinin vacib olduğu qeyd olunur. Bu isə bəzi hallarda sürücülərin cərimələrlə üzləşməsinə və qaydaların fərqli yozulmasına səbəb olur.

Vəkil Fuad Xəzani Məmmədov Demokrat.az-a açıqlamasında deyib ki, piyada keçidlərində sürücü ilə piyadanın hüquq və vəzifələri uzun illərdir müzakirə olunan məsələlərdən biridir:

“Xüsusilə son dövrlərdə sürücülər arasında narazılıq yaradan əsas məqamlardan biri qanunvericilikdə “piyadaya yol vermək” anlayışının müxtəlif formada izah edilməsidir. Bir tərəfdən qaydalarda göstərilir ki, sürücü piyadanın hərəkətinə mane olmamalıdır, digər tərəfdən isə piyada keçidinə ayaq qoyduğu andan ona yol verilməsinin vacib olduğu qeyd olunur. Bu isə bəzi hallarda sürücülərin cərimələrlə üzləşməsinə və qaydaların fərqli yozulmasına səbəb olur. Qanundakı bu ikibaşlı məqamlar həm sürücülər, həm də piyadalar üçün anlaşılmaz vəziyyət yaradır. Xüsusilə müşahidə kameraları ilə tətbiq olunan cərimələr zamanı “piyadaya yol verməmə” anlayışının sərhədləri ilə bağlı mübahisələr artır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə (Əsas anlayışlar) əsasən, yol vermək - sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, hər hansı manevr etməsi başqa nəqliyyat vasitələrinin sürücülərini və piyadaları qəflətən hərəkət istiqamətini və ya sürəti dəyişdirməyə məcbur edə biləcəyi halda, onun hərəkəti davam etdirməməsi və ya yenidən hərəkətə başlamaması, manevr etməməsidir”. 

O bildirib ki, həmin Qanunun 54-cü maddəsinin (Piyada keçidləri və ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanması) 1-ci hissəsinə uyğun olaraq, nizamlanan piyada keçidlərində svetoforun icazə siqnalı yandırıldıqda, sürücü imkan verməlidir ki, həmin istiqamətin hərəkət hissəsindəki piyadalar yolu keçməyi başa çatdırsınlar:

“Əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330-cu maddəsinin (Piyadaya yol verilməməsi) “Qeyd” hissəsində göstərilir ki, bu Məcəllənin 330 və 331-ci maddələrində “yol verilməməsi” dedikdə, sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, yaxud hər hansı manevr etməsi nəticəsində piyadanın və ya keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitəsinin sürücüsünün hərəkət istiqamətini və ya sürətini dəyişdirməyə məcbur etməsi başa düşülür.

Yuxarıda qeyd olunanlardan irəli gələrək deyə bilərəm ki, qanunvericilikdə “yol vermək” anlayışının izahı konkret və aydındır, müxtəlif şərhlər üçün əsas yoxdur və bu sahədə hüquqi qeyri-müəyyənlik müşahidə edilmir”, - o bildirib.

Yəni qanuna görə, sürücü o halda günahkar sayılır ki, onun hərəkəti piyadanı keçiddə qəfil dayanmağa, qaçmağa və ya geri çəkilməyə məcbur etsin, piyadanın yoluna maneə törədilmirsə, sürücünün hərəkətini davam etdirməsi qayda pozuntusu deyil.

Bizə qoşulun