Medianews.az
Qanalı maqın tilsimi Keyni key edəcəkmi...
67 baxış

Qanalı maqın tilsimi Keyni key edəcəkmi...

Bilənlər bilir, cadugərliyi, falçılığı, magiyanı və sair bu kimi şeyləri xurafat, mövhumat, cəhalət hesab edirəm. Elmi əsası olmayan şeylərdir. Adamın birinin Sulutəpədə oturub Sietldəki xalası ilə telefonla görüntülü danışa bilməsinin izahı var, amma heç bir elm açar-qıfılla kiminsə bəxtinin bağlanmasını izah edə bilmir.

Tərs kimi, dünyanın dörd bir yanında bu kimi şeylərə milyonlarla (bəlkə də toplamda iki milyard+) adam inanır. Fəqət kiminsə çəliyi ilə dənizi yarmasını gerçək hadisə saymaq inanc məsələsi olduğu kimi, cadu-piti, ofsun-tilsim də bir növ inancla bağlıdır.

Budur, qanalı cadugər (maq, ekstrasens, ofsunçu və s. də demək olar) Nana Kvaku Bonsam deyib ki, 2026-cı il mundialının İngiltərə-Qana oyunundan əvvəl ingilislərin forvardı Harri Keyni tilsimləyib. Niyə məhz Keyni? Çünki o, “qol maşını”dır, krossoverdir, basıb gedir.

Bununla da Bonsam göstərib ki, qanalı müdafiəçilərə güvənmir, Keyni özü dayandırmaq niyyətindədir.
Bəs bu, necə olacaq? Cadugər görüb ki, təfərrüata varsa, qeyri-humanist açıqlama vermiş olacaq, ona görə də deyib ki, Keynə ciddi zədə arzulamır.

Belə anlaşılır ki, o, Keynə yüngülvarı zədə arzulayır, istəmir ki, Keyn ölüb sahədə qalsın və ya meydançadan xərəklə çıxarılsın. Bu baxımdan Bonsam cadusunu elə fokuslamalıdır ki, topu qəbul edərkən Keynin ayağı bir-birininə dolaşsın, qol situasiyasında sürüşüb yıxılsın, nə bilim, penalti vurası olsa, qapının üstündən vursun və sair və ilaxır.

Amma bir Keynlə iş bitmir axı, gərək 11 oyunçunun 11-i də, hələ ehtiyatdan oyuna girənlər də tilsimlənsin. Çünki onlar da caydaq ingilislərdir, at kimi qaçırlar və metr yarım havaya tullanırlar, biri vurmaz, o birisi vurar.

11-16 oyunçunu eyni zamanda tilsimləmək isə tək cadugərin işi deyil. Bu, komanda işidir. Gərək Bonsam özüylə stadiona cadugərlər qrupu (azı 11 nəfər) aparsın. O zaman meydançadakı qanalı oyunçularla stadiondakı cadugərlər birləşərək nəsə edə bilərlər.

İndiki cavanlar bilməz, 2002-ci il mundialında, həmin bu iyun ayının 22-də (yazı yazıanda söz vaxtına çəkdi) Yaponiyanın Osaka şəhərində Seneqal və Türkiyə millilərinin oyununda seneqallı cadugərlər dəf-dumbul çala-çala, dua-mua oxuya-oxuya oyunun nəticəsinə təsir göstərmək istəyirdilər. İnsafən, onlar təxminən 94 dəqiqə istəklərinə nail oldular, Türkiyə Seneqalın qapısına qol vura bilmədi. Amma artırılmış vaxtın 4-cü dəqiqəsində İlhan Mansız “qızıl qol” vurdu və dumbulların səsi kəsildi. Yaşıl-sarı-qırmızı libas geymiş cadugərlər suya-buza döndülər.

Deyəsən, ya onların cadusunun təsir müddəti 90 dəqiqəyə hesablanmışdı, ya da ümumiyyətlə cadularının Mansızın quluncuna dəxli olmamışdı, hər nəydisə, Seneqal millisi ələndi və maqlar dumbullarını götürüb getdilər Afrikaya.

Bu işlər cadu-pitiylə olsaydı, vallahi, bizim mütəxəssislər milli komandamızı və ya klublarımızı çoxdan Avropada çempion edərdilər. Çünki bu sahə bizdə yaxşı inkişaf edib. Deyilənə görə, ortabab ekstrasensin qəbul otağında növbə gözləyənlərin əlindən göyə iynə atsan, yerə düşməz. Hətta deyirlər, bir neçə həftə sonraya, müasir dildə desək, randevu götürənlər var. Serebral iflic xəstəsini sağaldacağını vəd edən ekstrasensin əlində komandamızın rəqiblərinin əl-ayağını, dil-ağzını bağlamaq nə çətin işdir ki? Elə edərlər, “Liverpul” qapısından keçən dəfə vurduğu qədər qol buraxıb gedər.

Xüləs, oturub bu axşam oynanılacaq İngiltərə-Qana matçının nəticəsini, daha dəqiqi, Harri Keynin performansını gözləyək.

İşdir, həmin oyunda Keyn yaxşı oynamasa, eləcə topun dalınca key-key baxsa, yaxud zədələnib çıxsa, təkcə cadugər Bonsamın hörməti qalxmayacaq, bu məsələdən xəbərdar olan adamların qara magiyaya inamı daha da artacaq. Bir də görəcəyik, uşaq futbol məktəblərinin yanında uşaq cadigərlər məktəbi-filan da yaradılıb və futbola gedən uşaqlar qədər də gələcəkdə futbol tilsimi ilə məşğul olanlar yetişir. “Qaqaş, futbola gəlmisən, bəs butsun hanı?” - “Əmi, mən oynamıram, rəqiblərimizi tilsimləməyi öyrənirəm”. Belə bir dialoq.

**

Dünya köhnə dünyadır, köhnə miflərə və dələduzluqlara inananları təzədir.

Samir SARI

Bizə qoşulun