Tünd şokolad digər şokolad növləri ilə müqayisədə daha faydalı hesab olunsa da, onların hamısı eyni dərəcədə sağlam deyil.
Medianews.az xəbər verir ki, tərkibində minimum 35 faiz kakao olan məhsullar texniki baxımdan tünd şokolad sayılsa da, sağlamlıq üçün ən yaxşı seçim hesab edilmir. Mütəxəssislər kakao miqdarı 70 faizdən, ideal halda isə 90-99 faiz arasında olan tünd şokoladlara üstünlük verməyi tövsiyə edirlər.
Belə şokoladlar daha az şirin olsa da, beyin, ürək və dəri sağlamlığı üçün daha faydalıdır. Onlardan sağlam desertlərin – dondurma, çizkeyk, şokoladlı krem və digər təamların hazırlanmasında da istifadə etmək mümkündür.
Ən faydalı tünd şokolad hansıdır?
Mütəxəssislərin sözlərinə görə, ən yaxşı seçim əlavə şəkərsiz və əsas hissəsi kakao kütləsindən ibarət olan tünd şokoladdır. Tərkibində 90-99 faiz kakao olan məhsullarda kakao tozu və kakao yağı ilə yanaşı, kifayət qədər zülal (bir plitədə təxminən 10-14 qram), lif (17 qrama qədər), həmçinin maqnezium və kalium da olur.
Bu maddələr toxluq hissini daha uzun müddət qorumağa kömək edir. Nəticədə insan daha gec acır və çəkiyə nəzarət etmək asanlaşır. Bununla belə, mütəxəssislər tünd şokoladın yüksək kalorili olduğunu xatırladaraq, normadan artıq qəbul edilməməsini tövsiyə edirlər.
Tünd şokoladın orqanizmə faydaları
Tünd şokolad güclü antioksidant hesab olunan polifenollarla zəngindir. Bu maddələr hüceyrələri sərbəst radikalların zərərli təsirindən qorumağa kömək edir. Araşdırmalar göstərir ki, polifenollar ürək-damar sistemini dəstəkləyir, qan dövranını yaxşılaşdırır, tromb yaranması riskini azaldır və infarktla yanaşı ürəyin işemik xəstəliyi riskini müəyyən qədər aşağı sala bilər. Bundan əlavə, tünd şokolad "pis" xolesterin (LDL) səviyyəsinin azalmasına da kömək edir.
Kakao tərkibindəki flavanollar azot oksidinin sintezini artırır. Bu maddə qan damarlarını genişləndirərək beynə daha çox qan axınını təmin edir. Nəticədə diqqət, yaddaş və öyrənmə qabiliyyəti yaxşılaşa bilər. Eyni zamanda serotonin səviyyəsinin artması əhval-ruhiyyəyə də müsbət təsir göstərir.
Gündə nə qədər yemək olar?
Mütəxəssislər tünd şokoladın faydalı olmasına baxmayaraq, onu məhdud miqdarda qəbul etməyi məsləhət görürlər. 100 qram tünd şokolad təxminən 600 kilokalori ehtiva edir. Buna görə də gündəlik tövsiyə olunan miqdar maksimum 20 qram, yəni 1-3 kiçik parça hesab olunur. / Lent.az
Kimlər ehtiyatlı olmalıdır?
Tünd şokolad hər kəs üçün uyğun olmaya bilər. Mütəxəssislər aşağıdakı problemləri olan şəxslərə ehtiyatlı olmağı tövsiyə edirlər:
- bağırsaq xəstəlikləri;
- yüksək qan təzyiqi;
- kofeinə həssaslıq;
- miqrenə meyillilik.