Qaradağ rayonunda Umbakı qəsəbəsini, necə deyərlər, Abşeron materiki ilə birləşdirən körpü ABŞ-İran müharibəsi nəticəsində dağılıb... Qorxmayın, bu bir feyk xəbər idi, mən də istədim camaata qoşulum, hazırda dünya üzü yalan-palan xəbərlərlə dolub-daşır.
Bu arada, maraqlı olsun deyə bir xəbəri də verək. Bizə İrandan əsasən din və narkotik alverçiləri gəlirdi, müharibə başlayandan sonra xalqda nigarançılıq yaranmışdı ki, bəlkə bu trafiklərdə problem olacaqdır. Rəsmi orqanların məlumatına görə, Ağcabədidə iranlı yoldaşlar bir neçə kilo narkotiklə saxlanmışdır. Yəni, qəti narahat olmayın, proses davam edir. Molla qardaşlarımız Tramp və Netanyahunun bomba yağışı altında da biz tərəfə tiryək atmağa davam edirlər. Halal olsun, başqa nə deyək. Heç özlərini itirmirlər.
Qaradağdakı o körpünü isə sel aparıb. Camaat da körpünün böyründəki qaz borusunun üstü ilə keçir. Geopolitik terminlə yazsaq, sel blokadasını yarırlar.
Masazırda asfalt yolda qara dəlik yaranıb. Mehdiabadda məktəb çatlayıb, hətta tədris dayandırılıb, nazirlik uşaqlara tapşırıb ki, hələlik repetitor yanına gedin, çatları yamayaq, qayıdarsınız.
Bizim bir qahımın evini sel suları basandan sonra özünə “suda-quruda yaşayanlar” adı verib. Deyir, qabaqlar sürünənlər fəsiləsinə daxil idim, indi suda-quruda yaşayan olmuşam, sən oxumuş adamsan, səncə, bu təkamül prosesi məni hara aparır?
Dedim, əslində bu evolyusiya (təkamül) yox, devolyusiya (tərs “təkamül”), reqressdir, çünki təkamülə görə sürünənlər suda-quruda yaşayanlardan əmələ gəlmişdir, daha sonrakı mərhələdir: “Sən isə məməlilərdən sürünənlərə, indi də suda-quruda yaşayanlara çevrilmisən, inşallah, uğurlu iqtisadi-sosial siyasətimiz sayəsində növbəti dəfə köpəkbalığı olmazsan”. Qahım dedi ki, mən siyasətə qarışmıram, sən isə revolyusiya, devalvasiya kimi təxribatçı mövzularda qırıldadırsan. Ondan sonra telefonu qapatdı (ya da evdə suyun içinə atdı, çünki son anda qulağıma həzin bir şappıltı səsi gəldi) və daha mənimlə danışmır.
Ancaq hər bir halda inkişaf vardır, bunu görməyən kordur. Məsələn, o qədər yağış yağdı ki, kubik daşları suçəkən kağız kimi islanıb, hələ də qurumur, lakin Bakı ŞİH dərhal küçələri sabunlu su ilə yumağa başladı. Bəzi heç bir yerdən maliyyələşməyən qara qüvvələrin tənqidi mövqeyinə görə, şəhəri təzədən sulamaq yersiz idi.
Sadəcə, başa düşmək lazımdır ki, hazırda ölkəmizdə sabun çoxalıb, küçələri yumaqda istifadə edirik. Bu qədər sabunu başqa nə edəcəyik?
Digər tərəfdən, hələ sovetin vaxtında bizim dünya şöhrətli müğənni Zeynəb xanım Avropada konsert verərdi və gəlib AzTV vasitəsiylə bizə həmin nağıllar aləmindən danışardı. Mənim ən çox yadımda qalan epizodlardan biri orda məhz küçələrin şampunla yuyulmağı haqqında idi. Yanılmıramsa, Amsterdamda görmüşdü sayın sənətkarımız. Buyur, indi Bakı Amsterdamdan heç geri qalmır, hələ bəlkə ötüb keçibdir, çünki böyük ehtimal orda küçələri yağış zamanı yumurlar.
Bizim suyu su ilə yumağımıza oxşayan pritça var, onunla yazını bitirək, oxucularımızın günü xoş keçsin, amin.
Çoxdanıncı illərdə ac yazıçılarımızdan iki nəfər bir məclisə dəvət alıbmış. Masada quş südü, ceyran əti, hər şey var imiş, bolluğa düşən yazıçılar acgözlüklə yeməyə girişir. Birdən sənətkarın biri baxır ki, o birisi çörək qopardır, kababla yeyir. Deyir: “Ayə, neynirsən, əti ətlə ye!”
Zamin HACI