Məlum olduğu kimi, aprelin 1-də Rusiya prezidenti Vladimir Putin Moskvada Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul edib.
Medianews.az görüşün media üçün açıq keçən hissəsinin stenoqramını Kremlin.ru saytından götürərək Azərbaycan dilinə çevirib. Putinlə Paşinyanın 1 aprel dialoqunun mətnini oxucularımıza təqdim edirik.
Vladimir Putin: Hörmətli Nikol Vladimiroviç! Əziz dostlar!
Sizi Moskvada görməkdən çox şadıq. Dəvətimizi qəbul edib gəldiyiniz üçün təşəkkür edirəm.
Görürük ki, Ermənistanda daxili siyasi proseslər sürətlənir və yaxın vaxtlarda seçkilər keçiriləcək. Bu baxımdan diqqət çəkmək istədiyim bir neçə məqam var: əsas odur ki, istənilən seçki kampaniyası zamanı həmişə gərginləşən daxili siyasi proseslər bizim Rusiya ilə Ermənistan arasındakı münasibətlərə heç bir zərər vurmasın.
Biz bunu dəfələrlə müzakirə etmişik. Rusiya ilə Ermənistan arasında münasibətlər xüsusidir, onlar onilliklər yox, əsrlər boyu formalaşıb. Bizi ortaq tarix, keçmişdə birgə səylərlə ümumi problemlərin həlli birləşdirir. Bizi həm də sivilizasiya yaxınlığı birləşdirir və bu son dərəcə vacibdir. Mən bunu sizə şəxsi söhbətlərdə də demişəm, açıq şəkildə də deyə bilərəm: erməni xalqının xeyrinə olan hər bir addım bizi qane edir və siz həmişə buna əsaslana bilərsiniz.
İqtisadiyyata gəlincə, o, yaxşı templərlə inkişaf edir. Əvvəlki ildə ticarət dövriyyəsi 11 milyard dollar idi, ötən – 2025-ci ildə isə 6,4 milyard dollar olub. Diqqət çəkmək istəyirəm ki, məsələn, qonşu Azərbaycanla bu göstərici 5 milyarddan azdır – 4,9 milyard. Bu da müəyyən mənzərə yaradır. Həmin 6,5 milyardın 1,2 milyardı kənd təsərrüfatı məhsullarıdır – tərəvəz, meyvə, şərab və Ermənistanın ixrac etdiyi digər məhsullar.
Bu kontekstdə bəzi sahələr münasibətlərimiz üçün xüsusi əhəmiyyət daşıyır. Məsələn, energetika. Kənd təsərrüfatını artıq qeyd etdim.
Biz görürük ki, Ermənistanda Avropa İttifaqı ilə münasibətlərin inkişafı müzakirə olunur. Biz buna tam sakit yanaşırıq, başa düşürük ki, hər bir ölkə üçüncü tərəflərlə əməkdaşlıqdan maksimum fayda əldə etməyə çalışır. Amma bu, açıq və əvvəlcədən aydın şəkildə ifadə olunmalıdır.
Avropa İttifaqı ilə və Avrasiya İqtisadi İttifaqı ilə eyni zamanda gömrük ittifaqında olmaq mümkün deyil – bu, prinsip etibarilə mümkün deyil. Bu, siyasi yox, sırf iqtisadi məsələdir. Çünki bir çox sahələrdə uzunmüddətli, illərlə aparılan uyğunlaşdırma işi tələb olunur. Məsələn, malların qiymətləndirilməsi, bazara çıxışı, kənd təsərrüfatı məhsulları üzrə fitosanitar nəzarət. Rusiyada və Avropa İttifaqında bu tələblər ciddi şəkildə fərqlənir.
Başqa problemlər də az deyil. Ola bilsin ki, illər sonra Avrasiya İttifaqı ilə Avropa İttifaqı arasında bu məsələlər həll olunsun – ümid edirəm ki, belə də olacaq, çünki biz eyni qitədə yaşayırıq. Amma hələ Ukrayna böhranından əvvəl belə Avropa ilə əməkdaşlıq qurmağa çalışanda bu mümkün olmadı. Onlar demək olar ki, hər məsələdə çox sərt mövqe tuturdular.
Energetikaya gəlincə, ümid edirəm ki, burada da vəziyyət yaxşılaşacaq. Hazırda isə Avropada qazın qiyməti 1000 kubmetr üçün 600 dollardan çoxdur, Rusiya isə Ermənistana qazı 177,5 dollara satır. Fərq çox böyükdür.
Bu məsələ ilə bağlı tez-tez mübahisə edirik. Bilirəm ki, siz qiymətlərin müəyyənləşdirilməsi üçün başqa yanaşmalar təklif edirsiniz. Amma fərq göz qabağındadır: 600 və 177,5.
Ermənistan iqtisadiyyatına baxsaq, son illərdə Avrasiya İttifaqı ölkələrinə ixracın 10 dəfə artdığını görərik. Bu, sizin və komandanızın qərarıdır – harada və kimlə işləmək məsələsi sizin seçiminizdir.
Təhlükəsizlik məsələlərinə gəlincə, ən həssas mövzu Qarabağdır. Biz bunu yaxşı anlayırıq və tez-tez müzakirə edirik. Bilirik ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bağlı suallarınız və narazılıqlarınız olub. Amma 2022-ci ildə Praqada Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu tanıdıqdan sonra, bu məsələ artıq Azərbaycanın daxili işi kimi qəbul olundu və KTMT-nin müdaxiləsi düzgün olmazdı.
Bu gün isə sizin və Azərbaycan Prezidentinin səyləri nəticəsində münasibətlərin sabitləşməsi müşahidə olunur. ABŞ Prezidenti də bu prosesdə iştirak edib, nəqliyyat əlaqələri bərpa olunur. Bu istiqamətdə işi davam etdirmək lazımdır.
Eyni zamanda, bu mövzunun seçki kampaniyasının bir hissəsinə çevrilməməsi daha yaxşı olardı.
Rusiyada çox sayda erməni yaşayır – bizim hesablamalara görə, 2 milyondan çox. Rusiyada ermənipərəst siyasi qüvvələr də çoxdur.
Açıq demək istəyirəm: istərdik ki, bütün siyasi qüvvələr seçki prosesində iştirak edə bilsin. Bəzilərinin həbsdə olduğunu bilirik. Bu, sizin daxili işinizdir, biz qarışmırıq, amma onların da siyasi prosesdə iştirak etməsini istərdik.
Bir daha vurğulamaq istəyirəm: Rusiya hər zaman erməni xalqının maraqlarını əsas götürəcək.
Ümid edirəm ki, Ermənistanda seçkilərin nəticəsindən asılı olmayaraq, münasibətlərimizin inkişafı davam edəcək.
Təşəkkür edirəm.
Nikol Paşinyan: Çox sağ olun, Vladimir Vladimiroviç.
Dəvətə və səmimi qəbula görə təşəkkür edirəm.
V.Putin: Bir azdan birlikdə nahar da edəcəyik.
N.Paşinyan: Dəvət üçün əvvəlcədən təşəkkür edirəm. (Gülüş)
Biz yaxınlarda Sankt-Peterburqda görüşdük və çox uğurlu danışıqlar apardıq. Münasibətlərimiz o qədər zəngindir ki, tez-tez görüşməyə ehtiyac var və müzakirə olunacaq mövzular həmişə tapılır.
Rusiya ilə münasibətlərimiz dərin və bizim üçün çox vacibdir. Regionda yeni reallıqlar fonunda bu münasibətlər dinamik inkişaf edir – xüsusən Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olmasından sonra.
Bu, Rusiya ilə əlaqələrimizə də müsbət təsir edir. Müstəqillikdən sonra ilk dəfə olaraq Rusiya ilə dəmir yolu əlaqəmiz yaranıb. Biz Rusiyadan malları Azərbaycan ərazisindən dəmir yolu ilə idxal edirik və ümid edirik ki, tezliklə ixrac da başlayacaq.
Bu, iqtisadi əlaqələrimizi və Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlığı gücləndirir.
Avropa İttifaqına gəlincə, iki birlikdə üzvlüyün uyğun olmadığını bilirik. Amma hazırkı gündəliyimiz çərçivəsində bu proseslər hələlik uzlaşır. Nə vaxt ki, seçim etmək zərurəti yaranacaq, qərarı Ermənistan vətəndaşları verəcək.
Rusiya ilə münasibətlərimiz isə heç vaxt sual altında olmayıb və olmayacaq.
Energetika sahəsində də sıx əməkdaşlıq edirik. Xüsusilə yeni texnologiyalar, o cümlədən günəş enerjisi istiqamətində əməkdaşlığı genişləndiririk. Yeni atom elektrik stansiyasının tikintisini də müzakirə edirik. Bu məsələlərdə tam şəffafıq və digər tərəfdaşlarla da danışıqlar aparırıq.
Ermənistanla Azərbaycan arasında sülh artıq qurulub. Bu prosesdə ABŞ Prezidentinin də rolu olub, lakin siz də münasibətlərin normallaşmasında mühüm rol oynamısınız.
Keçən il Vaşinqtondan qayıtdıqdan sonra sizə demişdim ki, bu hadisələr münasibətlərimiz üçün yeni imkanlar açır. Bu artıq faktdır.
Qarabağ məsələsinə gəlincə, biz artıq bəyan etmişik ki, bu mövzu üzrə siyasi hərəkat davam etdirilməməlidir, çünki Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanıyıb. Bu, 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanır və davamlı sülh üçün möhkəm əsasdır.
KTMT ilə bağlı problemlərimizi də gizlətməmişik. 2022-ci ildə konkret vəziyyət yarandı, amma təşkilatın mexanizmləri işləmədi. Bu da mövcud vəziyyətə gətirib çıxardı.
Daxili siyasətə gəlincə, Ermənistan demokratik ölkədir və siyasi proseslər daim aktivdir. Sosial şəbəkələr tam azaddır, heç bir məhdudiyyət yoxdur.
Parlament seçkilərində yalnız Ermənistan vətəndaşları iştirak edə bilər. İkili vətəndaşlığı olan şəxslər namizəd ola bilməz.
Əminəm ki, son illərdə münasibətlərimiz bir çox sınaqlardan keçib və etimad mühiti formalaşıb. Buna görə sizə təşəkkür edirəm.
Seçkilərdən sonra da demokratiya möhkəmlənəcək və münasibətlərimiz inkişaf edəcək.
Gündəliyimiz genişdir və istifadə olunmamış imkanlar çoxdur. Ümid edirəm ki, dialoqumuz nəticəsində bu imkanlardan istifadə edəcəyik.
Təşəkkür edirəm.
V.Putin: Mən də sizə təşəkkür edirəm.