Medianews.az
Sumqayıtda qarğalar kütləvi tələf olur: Virus, yoxsa rəvayət? -
57 baxış

Sumqayıtda qarğalar kütləvi tələf olur: Virus, yoxsa rəvayət? - AÇIQLAMA - FOTO

Son günlər Sumqayıt sakinləri şəhərin küçə və parklarında ölü qarğalara rast gəldiklərini bildirirlər. Ötən illərdə burada əsasən küçə sərçələrinin kütləvi ölüm halları müşahidə olunurdu. Hazırda isə vəziyyət fərqlidir. Daha iri və ağıllı quşlar sayılan qarğalar hədəfə çevrilib.

Bəs qarğaların kütləvi ölümü nə ilə bağlıdır?

Medianews.az milli.az-a istinadən xəbər verir ki, mövzu ilə bağlı mütəxəssis Əbülfəz Tağıyev bildirib ki, bu dəyişiklik bir neçə amillə bağlı ola bilər:

"Əvvəlcə şəhər ekosistemində qida balansının pozulması, ətraf mühitdə pestisidlərin istifadəsi və yoluxucu xəstəliklər quş populyasiyasına təsir göstərir. Sərçələrdən fərqli olaraq, qarğalar daha çox qida mənbələrini paylaşır və müəyyən xəstəlikləri sürətlə yayıla bilər".

Mütəxəssis həmçinin qeyd edib ki, quşların kütləvi tələfatı bəzən virus, bakteriya və ya kimyəvi maddələr nəticəsində baş verə bilər. Hər iki halda ölümlərin səbəbini dəqiq müəyyən etmək üçün laborator müayinələr aparılmalıdır.

Ekoloq sakinlərə tövsiyə edir ki, ölü quşlarla təmasdan çəkinsinlər. Belə halların qarşısının alınması həm şəhərin ekoloji tarazlığı, həm də digər quş növlərinin qorunması üçün vacibdir.

Bir qrup şəxs isə bu hadisəni rəvayətlə əsaslandırır. Yerli əhali arasında belə rəvayətlər dolaşır ki, qarğalar sürülərdə bir-biri ilə davaya girərək ölümlərə səbəb olur.

Mütəxəssislər isə bu fikri şübhə ilə qarşılayırlar:

"Qarğalar sosial və ağıllı quşlardır, sürü içində qida və yuva uğrunda mübarizə aparırlar, lakin bu nadir hallarda onları kütləvi şəkildə öldürəcək qədər güclü deyil".

Bizə qoşulun