Hindistanda gənc oğlanın güclü təsiredici maddələrin köməyi ilə qaçırılması və məcburi nikaha daxil edilməsi ilə bağlı səs-küylü hadisə baş verib.
Hədəf 22 yaşlı tələbə Nitiş Kumar olub.
Məlumata görə, küçədə görüşdüyü tanışları ona sərinləşdirici içki təklif ediblər. Araşdırma zamanı məlum olub ki, içkinin tərkibinə yuxugətirici maddə qatılıb.
Gənc özünə gələndə artıq girov vəziyyətində olub. Cinayətkarlar onu iki gün saxlayaraq sakitləşdirici preparatlar verməyə davam ediblər və daha sonra qonşu kənddən olan Lakşmi Kumari adlı qızla zorla evləndiriblər.
Girovluqda olarkən Nitiş kömək istədiyi video müraciət çəkə bilib. Onun yaxınları videonu gördükdən sonra dərhal polisə müraciət ediblər. Hüquq-mühafizə orqanları xüsusi əməliyyat keçirərək zərərçəkəni azad edib və ailəsinə təhvil veriblər.
Gəlin tərəfinin qohumları isə nikahın qarşılıqlı razılıq əsasında baş tutduğunu iddia edir. Hazırda polis zərərçəkəni dindirir və hadisənin bütün halları hərtərəfli araşdırılır./oxu.az