ABŞ-da medal təqdimetmə mərasimi sosial mediada geniş müzakirələrə səbəb olub.
Medianews.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trump tərəfindən bir əsgərə medal təqdim olunmasının görüntüləri qısa müddətdə viral yayılıb və müxtəlif reaksiyalar doğurub.
Yayılan videoda Trampın əsgərə medal təqdim etməsi və mükafatın boynuna taxılması əks olunur. Sosial media istifadəçiləri xüsusilə medalın geniş mavi lentinə diqqət çəkərək onun görünüşünü tənqid ediblər. Bəzi istifadəçilər lentin formasını “it qayışı”na bənzədərək istehzalı şərhlər yazıblar.
Mərasim görüntüləri qısa müddətdə milyonlarla baxış toplayıb və ABŞ-da sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bir çox istifadəçi medalın dizaynını və təqdim edilmə formasını tənqid edib, bəzi şərhçilər isə görüntüləri “utancverici” kimi qiymətləndiriblər.
Müzakirələr xüsusilə medalın əsgərin boynuna taxıldığı anın əks olunduğu foto yayıldıqdan sonra daha da güclənib. Həmin kadrdan sonra sosial şəbəkələrdə “Bu, şərəf medalıdır, yoxsa yaxalıq?” kimi şərhlər geniş yayılıb.
Bununla yanaşı, bəzi istifadəçilər tənqidlərin şişirdildiyini bildirərək qeyd ediblər ki, söhbət ABŞ-da hərbçilərə təqdim olunan rəsmi mükafatdan gedir və medalın dizaynı uzun illərdir dəyişmədən istifadə olunur.
Sosial mediada yayılan görüntülər nəticəsində məsələ ABŞ-da siyasi müzakirələrin də bir hissəsinə çevrilib və müxtəlif platformalarda debatlar davam edir.
Medianews.az