Bakıda keçirilən XIII Ümumdünya Şəhərsalma Forumu (WUF13) inklüzivlik, dialoq və davamlı şəhər gələcəyinə dair ortaq öhdəliklərin nümayiş olunduğu mühüm beynəlxalq platforma kimi qiymətləndirilib.
Medianews.az xəbər verir ki, bunu WUF13-ün Milli Koordinatoru Anar Quliyev forumun yekun qiymətləndirilməsi zamanı bildirib.
Qeyd olunub ki, forumun uğurla təşkilində Azərbaycanın təşkilat komitəsinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, könüllülərin, tərcüməçilərin, texniki heyətin və digər tərəfdaşların xüsusi rolu olub.
Çıxış zamanı vurğulanıb ki, forumun əsas mövzusu olan “Mənzil: təhlükəsiz və dayanıqlı şəhər və icmalara aparan yol” qlobal urbanizasiya gündəliyində mühüm yer tutur. Bildirilib ki, mənzil məsələsi yalnız əsas insan ehtiyacı deyil, eyni zamanda ləyaqət, sosial inklüzivlik, iqtisadi imkanlar və davamlı inkişafın təməlidir.
Forum çərçivəsində ilk dəfə təşkil olunan Liderlər Sammitinin xüsusi əhəmiyyət daşıdığı diqqətə çatdırılıb. Azərbaycan Prezidenti İlham Əliyevin ev sahibliyi etdiyi sammitdə 27 dövlət və hökumət başçısı, beynəlxalq təşkilat rəhbərləri və yüksək səviyyəli qonaqlar iştirak ediblər. Bu iştirak qlobal şəhərsalma gündəliyinin irəlilədilməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə siyasi dəstəyin göstəricisi kimi qiymətləndirilib.
Eyni zamanda, WUF13 çərçivəsində Yeni Şəhər Gündəliyinin icrasına həsr olunmuş Nazirlər Toplantısı da keçirilib. Toplantıda iştirak edən 111 ölkədən 80-i nazirlər səviyyəsində təmsil olunub. Müzakirələr mənzil təminatı, iqlimə davamlılıq və şəhər inkişafı sahələrində əməkdaşlıq imkanlarına həsr edilib.
Bildirilib ki, WUF13 tarixdə ən böyük Ümumdünya Şəhərsalma Forumu olub. Forumda 176 ölkədən 24 mindən çox iştirakçı bir araya gələrək inklüziv dialoq və əməkdaşlığın gücünü nümayiş etdirib.
Qeyd edilib ki, Bakı forumu qlobal mənzil böhranının həlli istiqamətində birgə fəaliyyətə çağırış edən mühüm beynəlxalq platforma kimi yadda qalıb.
Müşfiqə Bayramova
Medianews.az