Qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs Azərbaycana ekstradisiya ediləcək.
Medianews.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, "Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Gürcüstan vətəndaşı Elşən Həsən oğlu Şamilovun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Almaniya Federativ Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib.
"Belə ki, Bakı şəhərinin Nərimanov rayon prokurorluğunda ibtidai istintaqı aparılan cinayət işi üzrə Elşən Şamilovun Əfqan Əliyev və Hidayət Həsənovla qabaqcadan əlbir olaraq 30.07.1993-cü il tarixdə tamah məqsədilə mənzilə basqın edərək bir nəfəri qətlə yetirməsinə, daha sonra müxtəlif vaxtlarda qeyd olunan şəxslərə birgə digər cinayətləri törətməsinə əsaslı şübhələr müəyyən edilib. Bu səbəbdən Elşən Şamilovun təqsirləndirilən şəxs qismində cəlb olunmasına dair qərar qəbul olunub və o, istintaqdan yayınaraq gizləndiyinə görə barəsində 08.05.2025-ci il tarixdə İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarış elan edilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Almaniya ərazisində müəyyən edilərək saxlanılıb", - məlumatda qeyd olunub.
Bildirilib ki, hazırda Elşən Şamilovun ölkəmizə gətirilməsi istiqamətində Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən tədbirlər görülür. Eyni zamanda, Baş Prokurorluq axtarışda olan şəxslərin xarici ölkələrdə müəyyən edilməsi və onların Azərbaycan Respublikasına gətirilməsi məqsədilə xarici tərəfdaş qurumlarla, o cümlədən İnterpol ilə sıx əməkdaşlığı davam etdirir.