Medianews.az
Allahın şantaj edildiyi dünyanın
124 baxış

Allahın şantaj edildiyi dünyanın həsb-halı

Ən azı 2026 ildir ki, Allahın şantaj edildiyi dünyada yaşayırıq, ona görə də şantaj xəbərlərinin gündəmi başına götürüb getməsi hadisəsi təəccüblü deyil. Bu xüsusda təəccüblü olan məqamı üçüncü abzasda yazacam.

Hələlik isə onu deyim ki, “Allahın şantaj edildiyi dünya” söhbəti havayı söz deyil, gerçəkdir. Ortodoks xristianların inancına uyğun olaraq, Mariya\Məryəmin Allahdan hamilə qalması söhbətinə inanıb-inanmadığınızı bilmirəm, amma müasir tibb elmi, eləcə də digər dəqiq elmlər deyir ki, belə bir şey əsla mümkün deyil. Yəni bu məsələdə Gözəgörünməz göz-görəti şantaj edilib. Ona qalsa, öz arvadı Saranı öz əli ilə iki dəfə iki fərqli hökmdara ərə verən Avraam da oğlu İsakla bağlı Allahı şantaj edib, guya Tanrı ondan oğlunu qurban verməyi tələb edirmiş. Yəhudilər bu söhbətin başını bağlayıblar, müsəlmanlar isə hələ dirəşirlər. Amma ta bu məsələlərə girməyək, sonra deyərlər ki, müəllif ATS-də işləyir.

Ölkə gündəmini silkələyən, yırğalayan, çalxalayan şantaj söhbətində təəccüb doğuran məqam isə budur: doğrudanmı bu 50-60 yaşlı adamlar düşünürmüşlər ki, gəmidə otura-otura gəmiçini, əlinin altında 500 matrosu olan kapitanı şantaj edəcəklər və 5 milyon avronu qatlayıb qoyacaqlar ciblərinə. (Hərçənd 5 milyon avronu cibə qoymaq mümkün deyil, 10-15 dənə keys lazımdır).

Bu fantastik şantajdır, belə şeylər filmlərdə olur. Heç onların da axırı yaxşı qurtarmır. Gəmidə oturub gəmiçini şantaj etmək mümkün deyil. Adamı minimum gəminin tryumuna basarlar. Göründüyü kimi, o söz “türmə”yə də oxşayır.

İndi şantajçının iki variantda videosu yayılıb. Birincidə o “şotlandka” köynəkdə, saçı jeleli halda ifadə verir, ikincidə isə başı qırxılmış halda danışır. (Təcridxanaya salınanların başının qırxılması ənənəsi qədimdir, həm sanitar-gigiyenik səciyyə daşıyır, həm də adama başa salırlar ki, gözü güzgüyə sataşanda xarizmasının yerlə bir olduğunu anlasın). Keçmiş həmkarımızın söhbətinə qulaq asırsan, hiss edirsən ki, adam bir neçə günün içində milyonçu olacağını xəyal edirmiş.

Belə adamlar var, parlaq planları olur, oturub düşünürlər ki, filan şeyi filan cür etsələr, qısa müddətdə milyonçu olarlar. Di gəl, parlaq plan həyata keçirilərkən bir yerdə partlaq verir. Xüsusilə də bu, internet üzərindən dələduzluq, şantajçılıq edənlərə aiddir. İT mütəxəssisləri belə adamları İP-indən tuturlar, ondan sonra it də gedir, ip də. Qoca Şərqin bəzi ölkələrində belə şeyin üstündə o qədər it gününə qoyulan, boğazına ip keçirilənlər olub ki. Şərqin incə məsələ olduğuna baxmayın, ən yoğun pazlar Şərqdədir.

Müasir həyatda heç kəs şantajdan sığortalanmayıb. Amma bu təhlükə yalnız varlı, vəzifəli, şöhrətli adamlar üçün aktualdır. Kasıb yetimin nəyini şantaj etsinlər? Şantaj edib nə əldə edəcəklər? Kasıbın şantajçılara vermək üçün pulu yoxdur, ona görə də biabır olacaq, abırlı adamdırsa, gedib özünü öldürəcək, komplekssiz adamdırsa, irişə-irişə gəzəcək, çayxanada başdan oturacaq, hələ şantajçını adam içinə çıxmağa da peşman edəcək.

İmkanlı, vəzifəli adamları şantaj etmək isə şantajçının özü üçün təhlükəlidir. Bu çomağın iki başı var, biri mütləq qayıdıb adamın özünə yönəlir.

Hazırda dəbdir, dünyada yekə-yekə adamlar da bir-birini şantaj etməklə məşğuldur. O gün xəbər çıxmışdı ki, Tramp Körfəz ölkələrini şantaj edib, deyib, 5 trilyon pul düzəldin, müharibəni davam etdirim, İranın axırına çıxım.

Sonra xəbər yayıldı ki, Pentaqon SEPAH-ı şantaj edib, deyib ki, Hörmüz boğazını gəmilərə açmasanız, SES-lərinizi vuracağıq. Buna cavab olaraq SEPAH da mesaj vermişdi ki, SES-lərimizi vursanız, biz də ərəb krallıqlarındakı İES-ləri vuracağıq.

Avropada Macarıstan və Slovakiya Avropa İttifaqını şantaj edir, Aİ də Rusiyanı. Amma Medvedyev dünyanı nüvə silahı ilə şantaj etməyi bir az səngidib. Əvvəllər hər həftə edirdi. Əvəzində Duma yaxınlıqdakı bütün ölkələri şantaj edir, qanun qəbul edib ki, hansısa dövlət hansısa bir İvanımızı tutsa, ö ölkəyə qoşun yeridəcəyik.

Təsəvvür edin, bir İvanı həbsdən azad etmək üçün minlərlə Fedya, Vasya, Yura qurban veriləcək. Azad edilən İvan isə qatı cani olduğu üçün Yamal diyarına, Navalnını öldüyü “zon”a göndəriləcək.

Hazırda Netanyahu deyir ki, Allahın iradəsinə uyğun olaraq o şeytan yuvasını (İranı deyir) dağıdacağıq. SEPAH-ın molla generalı da deyir ki, Allah izni ilə İsraili Yer üzündən siləcəyik. İndi işə baxın, bu boyda hərbi cinayətlər Allahın adıyla törədilir. Sanki bunlar heç nə etmir, hər şeyi Allah sanksiyalaşdırır. Gördünüzmü, yenə gəldik çıxdıq Allahın şantaj edilməsi məsələsinə.

**

Dünya köhnə dünyadır, başdanxarab şantajçıları təzədir.

Samir SARI 

Bizə qoşulun