Türkiyənin Ankara şəhərinin Haymana rayonunda yanacaqdoldurma məntəqəsinə edilən silahlı basqın böyük qorxuya səbəb olub. Narkotik asılısı olduğu iddia edilən şəxs əvvəlcə bir vətəndaşın boğazına bıçaq dayayıb, daha sonra isə traktorla avtomobilə çırpılıb.
Medianews.az xəbər verir ki, hadisə Durupınar məhəlləsində Həsən Sönməzə məxsus yanacaqdoldurma məntəqəsində baş verib.
Məlumata görə, L.A. adlı şəxs yanacaqdoldurma məntəqəsinə gələrək Həsən Sönməzi şəhər mərkəzinə aparmasını tələb edib. Sönməzi tapa bilmədikdə isə onun avtomobilinə bıçaqla zərər vurub. Daha sonra o, yanacaqdoldurma məntəqəsinin yaxınlığında olan bir şəxsin boğazına bıçaq dayayaraq tələblərini təkrarlayıb.
Həsən Sönməz vəziyyətdən çıxış yolu tapmaq üçün avtomobilin açarlarını götürmək bəhanəsi ilə hadisə yerindən uzaqlaşıb və jandarmaya məlumat verib. Kənd muxtarının müdaxiləsi nəticəsində hücumçunun əlindən bıçaq alınıb və daha ciddi hadisənin qarşısı alınıb.
Lakin hadisə bununla bitməyib. İddialara görə, L.A. evə aparıldıqdan bir neçə saat sonra atasına məxsus traktorla yenidən yanacaqdoldurma məntəqəsinə qayıdıb və Həsən Sönməzin avtomobilinə çırpılaraq hadisə yerindən qaçıb.
Zərərçəkən ailənin sözlərinə görə, hadisə nəticəsində təxminən 420 min türk lirəsi məbləğində maddi ziyan dəyib. Hücumçu daha sonra saxlanılsa da, iki günlük həbsdən sonra sərbəst buraxılıb.
Yanacaqdoldurma məntəqəsinin sahibinin oğlu Gökhan Sönməz ailələrinin təhlükəsizliyindən ciddi şəkildə narahat olduqlarını bildirib:
"Bu şəxsin belə sərbəst gəzməsini istəmirik. Kənddə hamı ondan şikayət edir. Hakimiyyət orqanlarının məsələyə təcili müdaxilə etməsini istəyirik", – deyə o bildirib.
Hadisənin baş vermə anı təhlükəsizlik kameraları tərəfindən də qeydə alınıb.
Medianews.az