Medianews.az
“Avroviziya” proqnozları yeniləndi
134 baxış

“Avroviziya” proqnozları yeniləndi

Medianews.az Eurovisionworld.com saytının “Avroviziya 2026” beynəlxalq mahnı müsabiqəsi üzrə proqnozlarına bir daha nəzər salıb.

Proqnozlar bukmeker kontorlarında pul qoyuluşu statistikasına əsaslanır.

Yarışa Linda Lampenius və Pete Parkonnen dueti ilə çıxan Finlandiya 31 faiz qələbə şansı ilə öndədir.

Fransa proqnozlarda 11, Danimarka 10, Avstraliya 8, Yunanıstan 7, İsrail 6, İsveç 4, Rumıniya, Ukrayna və İtaliya 3, Kipr və Çexiya 2 faiz imkanla göstərilir.

Qalan ölkələrin zəfər şansı 1 faiz və daha az sayılır.

Avstriyanın paytaxtı Vyananın ev sahibliyi etdiyi müsabiqəyə 35 ölkə qatılır. Birinci yarımfinalda (12 may) Moldova, İsveç, Xorvatiya, Yunanıstan, Portuqaliya, Gürcüstan, Finlandiya, Monteneqro, Estoniya, İsrail, Belçika, Litva, San Marino, Polşa, Serbiya, ikinci yarımfinalda (14 may) Bolqarıstan, Azərbaycan, Rumıniya, Lüksemburq, Çexiya, Ermənistan, İsveçrə, Kipr, Latviya, Danimarka, Avstraliya, Ukrayna, Albaniya, Malta, Norveç yer alır.

Hər yarımfinaldan finala 10 vəsiqə var. Almaniya, Avstriya, Böyük Britaniya, Fransa və İtaliya müsabiqəyə finalda (16 may) qoşulacaq.

Azərbaycan yarışda Cəmilə Həşimova ilə təmsil olunacaq. Ölkə əvvəllər 17 “Avroviziya”da iştirak edib. 2008-ci ildə Elnur Hüseynov və Samir Cavadzadə 8-ci yeri, 2009-cu ildə Aysel Teymurzadə və Araş 3-cü yeri, 2010-cu ildə Səfurə Əlizadə 5-ci yeri, 2011-ci ildə Nigar Camal və Eldar Qasımov 1-ci yeri, 2012-ci ildə Səbinə Babayeva 4-cü yeri, 2013-cü ildə Fərid Məmmədov 2-ci yeri, 2014-cü ildə Dilarə Kazımova 22-ci yeri, 2015-ci ildə Elnur Hüseynov 12-ci yeri, 2016-cı ildə Səmra Rəhimli 17-ci yeri, 2017-ci ildə Diana Hacıyeva 14-cü yeri, 2019-cu ildə Çingiz Mustafayev 8-ci yeri, 2021-ci ildə Samirə Əfəndi 20-ci yeri, 2022-ci ildə Nadir Rüstəmli 16-cı yeri tutub.

2018-ci ildə Aysel Məmmədova, 2023-cü ildə Tural və Turan Bağmanovlar, 2024-cü ildə Fəxri İsmayılov və İlkin Dövlətov, 2025-ci ildə “Mamaqama” qrupu yarımfinalı keçə bilməyib.

İctimai teleradiolar qurumu - Avropa Yayım Birliyinin layihəsi olan “Avroviziya” müsabiqəsində 1956-cı ildən başlayaraq İrlandiya və İsveç 7, Niderland, Fransa, Lüksemburq və Böyük Britaniya 5, İsrail 4, İsveçrə, Danimarka, İtaliya, Avstriya, Norveç və Ukrayna 3, İspaniya və Almaniya 2, Monako, Belçika, Yuqoslaviya, Estoniya, Latviya, Türkiyə, Yunanıstan, Finlandiya, Serbiya, Rusiya, Azərbaycan və Portuqaliya 1 dəfə qalib gəlib.

Medianews.az

Bizə qoşulun