Türküstan şəhərində TDT-nin iqtisadiyyat və ticarət nazirlərinin 14-cü iclasında ticarət, investisiya, rəqəmsal transformasiya və digər istiqamətlərdə əməkdaşlığın inkişafı müzakirə edilib, ticarət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

İqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) iqtisadiyyat və ticarət nazirlərinin 14-cü iclasında iştirak edib.

İqtisadiyyat Nazirliyindən Medianews.az-a bildirilib ki, iclas Qazaxıstanın milli iqtisadiyyat nazirinin müavini Assan Darbayevin sədrliyi ilə keçirilib. Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev son illər TDT çərçivəsində çoxtərəfli əməkdaşlığın inkişaf etdiyini vurğulayıb. Ölkəmizin TDT-yə üzv bütün dövlətlərlə iqtisadi əlaqələrin dərinləşdirilməsi və qarşılıqlı ticarətin asanlaşdırılması istiqamətində mühüm addımlar atdığı qeyd edilib. Azərbaycanın Özbəkistan, Qırğızıstan və Qazaxıstanla birgə yaradılmış ikitərəfli investisiya fondlarının ölkələrimiz arasında kapital axınının sürətlənməsinə, sənaye və investisiya layihələrinin maliyyələşdirilməsinə şərait yaratdığı nəzərə çatdırılıb. Türk İnvestisiya Fondunun əməliyyat fəaliyyətinə başlamasının regional iqtisadi inteqrasiyaya təkan verəcəyi bildirilib.

 

Tədbirdə TDT çərçivəsində iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, ticarətin asanlaşdırılması, investisiyaların təşviqi, rəqəmsal transformasiya və digər məsələlər müzakirə edilib. Nəqliyyat və logistika sahəsində tərəfdaşlığın genişləndirilməsi, Orta Dəhlizin səmərəliliyinin artırılması ətrafında fikir mübadiləsi aparılıb.

TDT-nin iqtisadiyyat və ticarət nazirlərinin 14-cü iclasının yekunlarına dair Birgə Kommünike və TDT üzv dövlətləri arasında ticarət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Təşkilatın iqtisadiyyat və ticarət sahəsinə məsul nazirlərinin 15-ci iclasının 2026-cı ilin ikinci yarısında Azərbaycanda keçirilməsi qərara alınıb.

İqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev tədbir çərçivəsində Türkiyənin ticarət nazirinin müavini Sezai Uçarmakla görüşüb. Görüşdə Azərbaycan ilə Türkiyə arasında ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi, qeyri-neft ixracının təşviqi, rəqəmsal ticarət məsələləri və digər istiqamətlər üzrə əməkdaşlığın inkişafı müzakirə olunub.