ABŞ-dan gələn naməlum təyyarənin Rusiya ərazisinə keçdiyi barədə məlumat vermişdik. Təyyarə 20 fevral səhəri Murmansk vilayəti üzərində müşahidə olunub. Uçuşun təfərrüatları rəsmi olaraq açıqlanmayıb.
Medianews.az Publika.az-a istinadla xəbər verir ki, müəmmalı təyyarənin Rusiya sərhədlərini pozması ölkədə geniş müzakirə olunur. Hərbi ekspert Yuri Knutov təyyarənin "qeyri-adi yük" daşıya biləcəyini irəli sürsə də, bəzi media orqanları Özbəkistan prezidenti Şövkət Mirziyayevin təyyarədə olduğunu bildirib.
Təyyarə Rusiyanın dörd bölgəsi üzərindən uçub.
“Flightradar” məlumatlarına görə , Boeing 787-8 təyyarəsi Vaşinqton şəhəri yaxınlığındakı Endryus Hərbi Hava Qüvvələri Bazasından havaya qalxıb. O, Murmansk, Arxangelsk və Kirov vilayətləri, eləcə də Başqırdıstan Respublikası üzərindən uçub. Daha sonra Rusiya sərhədini keçərək Qazaxıstanın, ondan sonra Özbəkistanın hava məkanına daxil olub. Uçuş izləmə xidməti ekipajın təfərrüatlarını sadalamır.
“Gazeta.ru”ya danışan hərbi ekspert Yuri Knutov, Vaşinqton və Astana arasında artan hərbi əməkdaşlıq fonunda təyyarənin Qazaxıstana yük daşıya biləcəyini iddia edib. O, hesab edir ki, bu halda Rusiya uçuşa icazə verə bilərdi.
Knutov təyyarənin "100 faiz qeyri-adi yük" daşıdığını vurğulayıb, lakin onun nə ola biləcəyini dəqiqləşdirməyib.
Ekspert əlavə edib ki, uçuş icazəsiz olsaydı, Rusiya dərhal reaksiya verərdi.