Ermənistanda parlament seçkilərinə iki həftədən də az qaldı. Səsvermə günü yaxınlaşdıqca rəqiblərin bir-birinə “qurşaqdan aşağı” zərbələri də artır. Bu zərbələrin real “təsirini” iyunun 7-də görəcəyik. Erməni seçicinin hansı tərəfin təbliğatını səmimi saydığını da onda biləcəyik.
Amma hələ ki, opponentlər və onların havadarlarının səyləri cəmiyyətdə ümumi ovqatı ciddi ölçüdə dəyişə bilməyib. Son müstəqil rəy sorğularına görə, Ermənistan əhalisinin 61%-i hakimiyyətin ölkəni düzgün istiqamətdə apardığını bildirib. Bu o anlama gəlir ki, Baş nazir Nikol Paşinayanın arqumentləri daha inandırıcı hesab olunur.

Hazırda anti-Paşinyan koalisiyası bütün “cəbhə boyu” hücuma keçib. Baş nazirin etmədiyi əməlləri, cinayətləri belə onun ayağına yazıb nüfuzdan salmağa çalışırlar. Diqqəti çəkən, həmçinin, bütün bunların Rusiyadan Paşinyan iqtidarına qarşı görünməmiş təhqir, təhdid və hədələr fonunda baş verməsidir...
Proksi-qüvvələr indi heç vaxt olmadığı qədər Moskvanın “dirijor çubuğu” ilə, cızdığı “yol xəritəsi” ilə hərəkət edir. İstər sabiq prezident, Xocalı hərbi canisi Robert Köçəryan olsun, istərsə də, baş nazirliyə digər namizəd, hazırda ev dustaqlığında olan rusiyalı oliqarx-milyarder Samvel Karapetyan.
Onlar Moskvanın anti-hakimiyyət tezislərini təkrarlamaqla, əslində, öz xalqının deyil, Kremlin maraqlarını üstün tutuqlarını bariz şəkildə nümayiş etdirirlər. O Kreml ki, guya ermənilərə canı yanır və guya daha yaxşı gələcək vəd edir.
Gerçəkdə isə Moskvanın tək hədəfi Ermənistanı nəyin bahasına olur-olsun, öz orbitində saxlamaq, qonşu Azərbaycan və Türkiyə ilə çox sıx yaxınlaşmağa qoymamaqdır. Çünki sonuncu halda Ermənistanda nə Rusiya hərbi mövcudluğuna lüzum qalacaq, nə də Türkdən əvvəlki kimi “xoxan” düzəltmək mümkün olacaq...
Təsadüfi deyil ki, seçki kampaniyası zamanı Paşinyan qarşı tez-tez səslənən ittihamlardan biri onun guya Bakı və Ankaranın adamı olması, İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın diktəsi ilə hərəkət eləməsi ilə bağlıdır. Bu gün Karapetyan bir az da qabağa gedərək iddia edib ki, guya Baş nazir mifik “artsaxın” xuntaçı liderlərinin “əsir düşməsində” Azərbaycana kömək edib.
Karapetyan hakimiyyətə gələcəyi təqdirdə erməni quldurların geri qaytarılmasının əsas prioritetlərindən biri olacağını da söyləyib. Amma bunu necə edəcək, təbii ki, açıqlamayıb. “Hakimiyyət hətta onları (Bakıda həbsdə olan xuntaçılar – Z.S.) özünə təhlükə qismində görür. Ona görə də bu, bizim ən vacib vəzifələrimizdən biri olacaq”, - rusun “desantı” ərz edib...

Yalançının yaddaşı olmaz. Bu zatın xəbəri yoxdur ki, 2023-cü il sentyabrın 2-də, Qarabağda antirerror əməliyyatına cəmi 17 gün qalmış Nikol Paşinyan oyuncaq rejimin o vaxtkı üzdəniraq rəhbərliyinə qondarma “müstəqillik günü ”ilə bağlı təbrik göndərib. O, necə Bakının adamı ola bilərdi. Sadəcə, Azərbaycan Ordusunun yaratdığı yeni və sərt status-kvo var ki, onunla hamı barışmaq zorunda.
Bunu da yada salmağın yeri var ki, Rusiya Dövlət Dumasının komitə sədinin müavini Konstantin Zatuiin başda olmaqla, bir çox Moskva rəsmiləri Bakıdakı ermənilərə qurulan məhkəməni “tamaşa” adlandırıblar. Beləcə, hər şey qırağa, erməni separatizminin arxasında on illərdir ilk növbədə hansı dövlətin dayandığına şahidlik ediblər. Erməni revanşist ünsürlər də eyni mövqedən, ritorikadan çıxış edir, quldur-baş kəsənləri “milli qəhrəman” sayırlar...
İstisna deyil ki, Paşinyan həmin cinayətkarların tezliklə Ermənistana “qəhrəman” kimi dönməsində maraqlı deyil. Hər halda onların hansı dövlətin mənafeyinin ifadəçisi olacağı gün kimi aydındır. Paşinyan “ağrımayan başına” niyə “dəsmal” bağlasın ki.
Bütün hallarda heç kim bu məsələdə Azərbaycanla təzyiq dilində danışa bilməz! O ki ola karapetyanlar. Xuntaçılar Bakı həbsxanalarında nə qədər lazımdır, o qədər cəza çəkəcəklər. Onları kimsə elə-belə buraxmağa hazırlaşmır. Bunu özəlliklə Bakının haqqında cinayət işi açıb beynəlxalq axtarışa verdiyi Samvel Karapetyan qulağında sırğa eləsə, yaxşı olar...
Z. SƏFƏROĞLU