Rusiyanın VK holdinqinə məxsus bir neçə tətbiq ABŞ-ın “Apple” şirkətinin App Store mağazasından çıxarılıb.
Medianews.az xəbər veirir ki, silinən tətbiqlər arasında Dzen, VK Video, VK Music, VK Messenger, Mail.ru, VK Dating (VK Знакомства) və Odnoklassniki yer alır. Bununla belə, əsas sosial şəbəkə tətbiqi olan VKontakte-ni hələ də Apple cihazlarına yükləmək üçün əlçatandır.
VK şirkəti bildirib ki, tətbiqlərin silinməsi barədə qərar “Apple” şirkəti tərəfindən əvvəlcədən xəbərdarlıq edilmədən və birtərəfli qaydada qəbul olunub.
VK-nın açıqlamasında qeyd edilir ki, VK heç vaxt sanksiyalar altında olmayıb və heç bir sanksiya siyahısına daxil edilməyib. Holdinq bunu beynəlxalq və ABŞ hüquqşünaslarının rəyləri ilə əsaslandırdığını vurğulayıb. VK nümayəndələrinin sözlərinə görə, həmin hüquqi rəylər və digər zəruri məlumatlar uzun müddətdir “Apple” şirkətinə təqdim olunub.
Bundan əvvəl, iyunun 3-də VK strukturuna daxil olan Max messenceri də App Store-dan çıxarılmışdı. Tətbiq axtarış nəticələrində görünməz olub, birbaşa keçidlər isə xəta verməyə başlayıb.
“Apple” həmin vaxt Max tətbiqinin silinməsini sanksiya qanunvericiliyinə əməl etməklə izah etmişdi. Şirkət fəaliyyət göstərdiyi ölkələrin qanunlarına uyğun hərəkət etdiyini bildirmişdi.
Bu addım Rusiyada kəskin reaksiyaya səbəb olmuşdu. Mixail Oseyevski “Apple” korporasiyasını “düşmən” adlandırmış, Max messencerinin təşviqi fonunda bunun “tamamilə qeyri-dost addım” olduğunu söyləmişdi.
Rusiyanın rəqəmsal inkişaf naziri Maksut Şadayev isə ölkə istifadəçilərinin 25-30 faizinin iOS cihazlarından yararlandığını, nəticədə 20 milyondan çox insanın Max tətbiqinə çıxışını itirdiyini bildirmişdi.
“Apple” şirkətinin App Store ilə bağlı şəffaflıq hesabatına görə, 2025-ci ildə mağazanın Rusiya seqmentindən 1213 tətbiq silinib. Müqayisə üçün deyək ki, 2024-cü ildə 171, 2023-cü ildə 12, 2022-ci ildə isə cəmi 7 tətbiq mağazadan çıxarılmışdı. Bu statistika son illərdə Rusiya bazarında tətbiqlərin silinməsi prosesinin kəskin sürətləndiyini göstərir.