Avstraliyada yaşayan bir şəxs göy gurultusu və ya pnevmatik çəkic səsi ilə müqayisə oluna biləcək gücdə - 122.4 desibel səs çıxararaq "Ginnesin Rekordlar Kitabı”na düşüb.
Medianews.az xəbər verir ki, bu barədə "Ginnesin Rekordlar Kitabı"nın rəsmi saytında məlumat verilib.
Kondisioner təmiri ustası 58 yaşlı Cozef MakQreyl-Beytap radio stansiyalarının birində canlı yayımda "indi" sözünü qışqırıb. O, yalnız 7-ci cəhddə 1994-cü ildən bəri Şimali İrlandiyadan olan bir müəlliməyə məxsus olan rekordu (121.7 desibel) təzələməyi bacarıb.
Cozef bu inanılmaz qışqırıqdan sonra bir neçə gün fəsadını yaşayıb və səsi tamamilə batıb. Hər 10 desibeldə səs gücünün ikiqat artdığı şkalaya əsasən, Cozefin səsi artıq insanın ağrı həddi sayılan və reaktiv təyyarənin uçuş səsini xatırladan 130 desibelə çox yaxın olub.
Maraqlıdır ki, bu, avstraliyalının ilk uğuru deyil. O, daha əvvəl oxçuluq üzrə də sürətli atəş açma rekordu qıraraq adını Ginnesə yazdırmağı bacarmışdı.