Medianews.az
“Dedilər, Moşu səni istiyir,
69 baxış

“Dedilər, Moşu səni istiyir, istədim özümü yandıram” erasının sonu

Hamamda dəm qazından boğulan, amma ölməyən qızın söhbəti böyüyüb, türkün sözü, başqa boyutlara keçib. Əsas məsələ gənc nəslin təlim-tərbiyəsinin vəziyyətidir. Bu barədə az sonra.

Əzəl başdan onu deyək ki, o qızın gerçəkdən 14 yaşı varsa (böyük görünür), demək, həddi-büluğa çatmayıb. Ona görə də onun şəkillərini, videolarını yaymaq düzgün deyildi. Bəzən paylaşımlarda qızın gözünə qara qalın xətt çəkilsə də, təkcə ağız-burnunun görünməsi kifayətdir ki, hamı onu tanınsın. O qız bu gün ictimaiyyət arasına çıxsa, minlərlə adam onu barmaqla göstərəcək: “Aaz, aaz, bu o, hamamda oğlanla boğulan qız deyil? Ha-ha-ha”; “Qaqaş, o qızı tanıdın? Hamam, dəm qazı... Yaxınlaşaq, duş-muş təklif edək, hı-hı-hı”; “Buna bax, sən canın, utanmır, adam içinə çıxır” və s. Minlərlə bu cür reaksiya. Qızın həyatı cəhənnəm.

Orta yaşı adlamış insanların reaksiyası da bir başqa olacaq: “Bizim vaxtımızda belə şey yox idi”. Razılaşmamaq çətindir. 30-40 il əvvəl belə şeylər çox nadir hallarda olardı və olduğu yerdə (bir kənd-kəsəkdə, bir məhəllədə) də qalardı, ölkə boyunca işıqlandırılmazdı, televiziyaya, qəzetlərə çıxmazdı (sayt-mayt, internet-minternet, zatən, yox idi).

1991-ci ildə çəkilmiş “Bəxt üzüyü” filmində bir epizod var. Qonşusu ilə birlikdə bazardan qayıdan Söylü ona deyir: “Bajı, dedilər ki, Moşu səni istiyir. İstədim özümü yandıram”.

40-50 il qabaq bir qızın adının bir oğlanla çıxması, hətta çəpər başında söhbətləşdikləri yerdə hansısa sözgəzdirənin birinin onları görməsi bəs idi ki, ertəsi gün adları kəndlə bir olsun. Qızın qardaşları oğlanı tutub çırpardılar, bu heç, “adı çıxmış qız” isə ya özünü yandırmağa cəhd edərdi, ya da sirkə turşusu içərdi. O illərdə rayon yerlərində minlərlə bu cür hadisə olub.

İndi 14 yaşlı qız kamera qarşısında deyir ki, oğlan onu aparıb, içirdib, sonra da başına oyun açıb (yəni zorlayıb). O, bunu elə danışır, sanki, gedib köşkdən dönər alıb yeyiblər və dönər bunun xoşuna gəlməyib.

Görün, əxlaq-namus məsələlərinə baxış son 50 ildə haradan-haraya qədər “inkişaf” və ya tənəzzül edib.

Oğlanla çəpər başından söhbət etdiyinə görə el-oba ağzına düşən qızın suisidə cəhd etməsi hara, 14 yaşındaykən zorlandığını milyonlara tamaşaçının izləyəcəyi videkadrda etiraf etmək hara? Yerlə göy qədər fərq var.

Amma bu, o demək deyil ki, belə hallar kütləvidir. Xeyr. Nə qədər olar? On, yüz, lap min. Bundan artıq deyil. Əvəzində bu saat yüzminlərlə yeniyetmə (qızlı, oğlanlı) repetiror yanına tələsir ki, beyninə bilik yığsın, sabah universitetə qəbul olsun, cəmiyyətlə layiqli mövqe tutsun. Sadəcə, insanları qorxudan şey, oxumuş adamların dediyi kimi, tendensiyadır. Meyl pis tərəfədir.

Biz cəmiyyət olaraq öz kinetik enerjimizlə göyə çıxsaq da, “dəm qazından hamamda boğulan” və ya boğulmayan, çıxıb öz qədim peşəsi ilə məşğul olan qızların mövcudluğunun, ilbəil artmasının qarşısını ala bilməyəcəyik.

Lap bu gün sosial şəbəkələr, əxlaq pozan televiziya verilişləri qadağan edilsə də, bu, mümkün olmayacaq. Yaşayış uğrunda mübarizədə yeganə silahı özü olanlar heç cür təslim olmayacaqlar.

Yeri gəlmişkən, hazırda Norveç, Böyük Britaniya, Fransa, İspaniya, Türkiyə kimi ölkələrdə yeniyetmələrin sosial mediaya çıxışını yasaqlayan qanunlar qəbul edilib və ya edilir. Çünki onlarda da sosial platformaların təsiri ilə evdən qaçan, narkotikə qurşanan, müxtəlif əllərə düşən on minlərlə yeniyetmə var.

Avropa ölkələri düz edirlər. Bizdə də olmalıdır. O sosial media platformaları nə qədər yeniyetmənin beynini xarab edir, gerçək miqyası bilsəniz, parlamentin qabağında mitinqə çıxarsınız ki, tez olun, o qanundan bizdə də qəbul edin. Gerçəkdən də dəhşətli haldır, sosial platformalar gənc beyinlərə çox dağıdıcı təsir göstərir. Ona uymayıb oxuyanlar oxuyacaq, bəs oxumayanlar necə olacaq? Manqurt və zombi sürüləri meydana gələcək, elə əməllər törədəcəklər ki, hamamda dəm qazından boğulmaq muştuluq olacaq.

Yuxarıda adı çəkilən ölkələr faciənin gerçək boyutundan xəbərdardırlar. Tədqiqat mərkəzləri 3-5 il sonrakı gerçək mənzərəni ortaya qoyub, bilirlər və tədbir görürlər.

Məcazi mənada desək, biz velosipedi yenidən ixtira etmək işi ilə məşğul olmamalıyıq, ixtira edilmiş velosipedin zavodunu açmalıyıq (hərçənd gerçək mənada o cür bir zavod açıb yarıtmadıq).

Uzun sözün kəsəsi, yeniyetmələri çovdarlıqda uçurumdan qorumaq (Selincer) azdır, hamamda boğulmaqdan da qorumaq lazımdır.

**

Dünya köhnə dünyadır, “qədim peşə”yə üz tutanları təzədir.

Samir SARI

Bizə qoşulun