Medianews.az
Depressiya müalicəsində bir ilk –
171 baxış

Depressiya müalicəsində bir ilk – YENİ KƏŞF

Cənubi Koreyalı alimlər depressiyanın müalicəsində fərqli yanaşma üzərində araşdırma aparıblar.

Medianews.az xəbər verir ki, bununla bağlı  “Cell Reports Fizika Elmləri” jurnalında məqalə dərc olunub. .

Tədqiqatçılar gözün beyinlə əlaqəsindən istifadə edən xüsusi kontakt linza hazırlayaraq depressiyanın müalicəsində yeni imkanlar yaratmağı hədəfləyiblər.

Dünyada milyonlarla insan depressiya ilə mübarizə aparsa da, mövcud dərman müalicələri hər zaman kifayət qədər effektiv olmur. Bu səbəbdən alimlər alternativ və daha az invaziv üsullar üzərində işləyirlər.

Tədqiqat çərçivəsində siçanlar üzərində aparılan təcrübələrdə beyni stimullaşdıran kontakt linzaların antidepresant dərmanlar qədər təsirli olduğu bildirilib.

Məqalədə depressiya vəziyyəti yaradılmış siçanlara üç həftə ərzində kontakt linza müalicəsi tətbiq edildiyi, nəticədə davranış, sinir fəaliyyəti və fizioloji göstəricilərdə müsbət dəyişikliklər müşahidə olunduğu qeyd edilib.

Yonsei Universitetinin Materialşünaslıq və Mühəndislik fakültəsinin tədqiqatçısı Can-Unq Park bildirib ki, bu araşdırma göz vasitəsilə beyin pozuntularının müalicəsində tamamilə yeni istiqamət aça bilər.

Mövcud depressiya müalicələrində əsasən dərmanlar, elektrokonvulsiv terapiya və beyin implantları müəyyən sinir dövrələrini hədəfləyir. Koreyalı alimlər isə retinanın beyinlə əlaqəsindən yararlanaraq gözü stimullaşdırıcı vasitə kimi istifadə etməyə çalışıblar.

Parkın sözlərinə görə, göz anatomik baxımdan beynin bir hissəsi sayıldığı üçün sadə kontakt linzanın beyin dövrələrinə yumşaq və qeyri-invaziv təsir göstərib-göstərə bilməyəcəyi araşdırılıb.

Hazırlanan linza iki zərərsiz elektrik siqnalı vasitəsilə retinanın dərin qatlarında aktivləşərək əhval-ruhiyyə ilə əlaqəli beyin bölgələrinə siqnallar ötürən sinir əlaqələrini stimullaşdırır.

Alimlər vurğulayırlar ki, bu texnologiya hələ tam təsdiqlənmiş müalicə üsulu deyil. Onun insanlarda təhlükəsizliyi və effektivliyi hələ sübut olunmayıb. Tədqiqatçılar gələcəkdə bədənə daha az müdaxilə tələb edən yeni neyrotexnologiya üsullarının inkişaf etdirilə biləcəyini düşünürlər.

Medianews.az

Bizə qoşulun