Medianews.az
Dünya rekord istilərə hazırlaşır? -
194 baxış

Dünya rekord istilərə hazırlaşır? - “Super El-Ninyo” nədir və Azərbaycana təsiri olacaqmı?

ABŞ Milli Okean və Atmosfer Administrasiyası (NOAA) və Avropa Orta Hava Proqnoz Mərkəzi (ECMWF) tərəfindən yayımlanan iqlim modellərinə görə, güclü “super El-Ninyo” ehtimalı artır. Alimlər bildirirlər ki, Sakit okeanda dəniz səthinin normadan xeyli isinməsi nəticəsində yaranan El-Ninyo hadisəsi insan fəaliyyəti ilə bağlı iqlim dəyişikliyi ilə birləşərsə, qlobal istilik rekordları 2027-ci ildə yenilənə bilər.

Proqnozlara əsasən, ekvatorial Sakit okeanın mərkəzi hissəsində temperaturun payız aylarında normadan təxminən 3 dərəcə yüksək olması gözlənilir. Temperatur artımının 2 dərəcəni keçməsi “Super El-Ninyo” hesab olunur və bu halda dünyada hava şəraitində ciddi dəyişikliklər baş verə bilər.

Sakit okeanda temperaturun 3 dərəcə artması qlobal hava sisteminə necə təsir edir? Niyə məhz El-Ninyo dövrlərində ekstremal hava hadisələri artır? Bu hadisə ilə qlobal istiləşmə arasında birbaşa əlaqə varmı? “Super El-Ninyo” Azərbaycana hansı formada təsir göstərə bilər? Yay aylarında rekord istilər gözlənilirmi?

Mövzu ilə bağlı Medianews.az-a danışan ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov bildirib ki, El-Ninyo Sakit okeanda baş verən təbii hadisədir. Onun sözlərinə görə, bu hadisə Cənubi Amerikanın qərb sahillərində - əsasən Çili və Peru yaxınlığında okean sularının, xüsusilə səth qatının kəskin istiləşməsi ilə xarakterizə olunur: “Bu istiləşmə zamanı bölgədəki soyuq Çili və Peru cərəyanları qızır. Həmin cərəyanlarda çoxlu balıq ehtiyatı olur və balıqların qidası da məhz bu soyuq axınlarla daşınır. Sular isinəndə isə qida dövranı pozulur və balıq ehtiyatı kəskin azalır.

Avstraliya və Kanadada quraqlıq müşahidə olunur. Cənubi Amerikanın qərb sahillərində isə əvvəllər quraq olan ərazilərdə güclü yağışlar yağır. El-Ninyo Afrikaya, Hindistana qədər təsir göstərir. Bir sözlə, kifayət qədər böyük ərazini əhatə edir. Ümumilikdə bir çox quraq bölgələrə intensiv yağışlar gətirir, yağıntılı ərazilərdə isə quraqlıq yaradır. Bəzi yerlərdə, məsələn, Hindistanda bunun əksi müşahidə olunur. Hindistanın şərq sahillərində yağışlar daha da güclənir”.

R.Abbasov vurğulayıb ki, El-Ninyonun Azərbaycana birbaşa təsiri sübut olunmayıb: “Azərbaycan bu bölgədən kifayət qədər uzaqdadır. El-Ninyonun Azərbaycana birbaşa təsiri bağlı geniş statistik təhlillərə əsaslanan elmi araşdırmalar yoxdur. Hazırda səsləndirilən fikirlərin əksəriyyəti ehtimallara əsaslanır.

“El-Ninyo” ifadəsi ispan dilindən tərcümədə “oğlan uşağı” və ya “Milad uşağı” mənasını verir. Bu adı ilk dəfə çilili balıqçılar işlədiblər. Çünki okean sularının qeyri-adi istiləşməsi adətən Milad dövrünə təsadüf edirdi.

El-Ninyonun tam əksi isə “La-Ninya” (“qız uşağı”) adlanır. Bu hadisə okean sularının kəskin soyuması ilə müşayiət olunur və El-Ninyonun yaratdığı hava şəraitinin əks təsirlərini ortaya çıxarır”.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun