Medianews.az
Ermənistan üçün “ağıl duası” –
136 baxış

Ermənistan üçün “ağıl duası” – Putini Kirill XİLAS edəcək?

Bu gün Ermənistan Baş naziri Nikol Paşinyanın doğum günüdür. Nə qədər qəribə də olsa, 51 yaşlı Nikolu ilk təbrik edənlər arasında Rusiya prezidenti Vladimir Putin də var.

Doğrudur, Kreml başçısı bunu telefonla yox, məktubla edib. Hərçənd, dostu, sabiq prezident Robert Köçəryanı heç bir dövlət postu tutmadığı halda hər il şəxsən, ona zəng vurmaqla təbrik edir.

İlk baxışda bu, Putindən rutin gedişi təəssüratı yaratsa da, əslində, bu, Nikol Paşinyana siyasi reveransdır. Rusiya lideri Ermənistanla bağlı sanki “son patronları”nı atır. Hər halda, təbrik məktubu tərəflər arasında münasibətlərin bəlli səbəbdən son dərəcə kəskinləşdiyi və qarşılıqlı ittihamların artdığı dövrə təsadüf edir. Ondan az öncə, elə bu günlərdə Moskvadan rəsmi İrəvanın ünvanına qalmayan hədə səslənməyib. İndi də qəfildən belə bir jest. Yəni, “Başını yarıb ətəyinə qoz tökmək” məsələsi...

Diqqətçəkicidir ki, tərəflər arasında sərt söz qovğası, çəkişmə-didişmə fonunda Rusiyanın “Kremlyovskaya Tabakerka” Teleqram kanalı ekzotik sayıla biləcək bir məlumat yayıb. Kanal Kremldəki mənbələrə istinadla bildirib ki, Moskva və Bütün Rusiyanın Patriarxı Kirillə “Ermənistanın ağla gəlməsi və Rusiyanın maraqlarının xilası üçün dua etmək” tapşırılıb.

İddialara əsasən, dua mərasimləri şəxsən Patriarx Kirill və bir neçə seçilmiş ruhani tərəfindən yaxın günlərdə keçiriləcək. Mənbə bu xüsusda belə bir etiraf edib: “Ermənistanla bağlı işlərimiz çətindir. Onu itiririk və Putin çox əsəbidir. Və bununla bağlı nəsə etmək bizim üçün çətindir. Hərbi seçim hələ də sual altındadır, gücümüzə başqa yerdə ehtiyacımız var. Təzyiq göstərəcəyik, amma bunun nə qədər təsirli olacağını demək çətindir. Ona görə onlara dua etməyi tapşırdıq. Ermənistanın ağıllanması, Rusiyanın maraqlarının xilas olması və Tanrının bizə müttəfiq saxlaması üçün. Bəzən elə görünür ki, bizi yalnız dualar xilas edəcək”...

Putin Milad bayramını Kremldəki kilsədə qeyd edib

Yaxşı deyiblər, “qaçan da Allahı çağırır, qovan da”. Ancaq onların hər ikisi eyni vaxtda haqlı ola bilməz. Ukrayna-Rusiya davasında sözsüz ki, haqsız Moskvadır. O zaman Tanrı bədniyyətli, hələ də imperiya iddiaları ilə yaşayan işğalçı rusun duasını niyə eşitsin ki? Allah əzilən, zülmə məruz qalan ukraynalıların tərəfində. Bunu Yaradanın fitrətı diktə edir.

O səbəbə “ağıl duası”nın biri və ya birincisi elə illəridir “yetənə təpik, yetməyənə bir daş atan” Rusiyaya və onu yönlədənlərə lazımdır. Putinin isə çox əsəbi olmasına görə yalnız özünü qınamalı, özünün yanlış siyasətini düzəltməlidir. Dostu Kirilin edəcəyi bir şey yox...

Ukrayna Prezidenti Volodimir Zelenski, Ermənistan Baş naziri Nikol Paşinyan

Ukraynadan söz düşmüşkən, onun lideri Volodimir Zelenski əmindir ki, Moskvanın Paşinyan hakimiyyətinə qarşı hədə-təhdidləri həm də başqa postsovet ölkələrinə ünvanlanıb. “Odur ki, hamı təhlükəsizlik barədə daha çox düşünməli, Ermənistanı dəstəkləməlidir”.

Bu xüsusda o, ilk növbədə imkanlı Qərbə, Avropa Birliyinə çağırış edib. Sitat: “Avropanın heç bir xalqı itirməyə, heç bir ölkənin əlindən çıxmasına icazə verməyə haqqı yoxdur. Ermənistanı, Moldovanı, Baltikyanı ölkələri, Azərbaycanı dəstəkləmək lazımdır”.

Əlbəttə ki, belə məsələlərdə dualar yetərli deyil. “Dua ilə donuz darıdan çıxmaz”...

Z.SƏFƏROĞLU 

Bizə qoşulun