"Azərbaycanda altı il yaşamışam və bu ölkəni çox sevirəm. Ona görə də burada komandaya qoşulacağım günü səbirsizliklə gözləyirəm".
Medianews.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın U-21 millisinə cəlb olunan İtaliyanın "Sampdoriya" komandasının futbolçusu Lorenzo Mezzotero deyib.
Gənc hücumçu əsas məqsədinin daim inkişaf etmək olduğunu söyləyib:
"Hazırda bütün diqqətimi hər gün daha da yaxşılaşmağa yönəltmişəm. Çox çalışmaq, oyundan zövq almaq, komandanın qələbələrinə töhfə vermək və qollar vurmaq istəyirəm. Qalan uğurlar isə addım-addım gələcək".
Oyunçu Azərbaycan millisində oynamağın onun üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edib:
"Bu komandanın formasını geyinmək böyük şərəfdir".
Futbolçu İtaliya millisindən hər hansı təklif almadığını da vurğulayıb.
Məlumat üçün bildirək ki, Lorenzo Mezzotero "Neftçi" Futbol Akademiyasının yetirməsidir.
Qeyd edək ki, U-21 millisi mayın 28-dən 30-dək Bakıda, mayın 31-dən iyunun 10-dək isə Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olacaq. Kollektiv Türkiyədəki hazırlıq çərçivəsində iyunun 6-da Bəhreyn, 9-da isə Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı 2 yoldaşlıq oyunu keçirəcək. "Sav" stadionunda baş tutacaq hər iki matçın Bakı vaxtı ilə saat 18:00-da başlanması nəzərdə tutulur.