“İnter Mayami”nin hücumçusu Lionel Messi 2026-cı ildə yeni müqaviləsinə əsasən 25 milyon ABŞ dolları məbləğində baza maaşı alacaq.
Bu barədə AP agentliyi MLS Oyunçular Assosiasiyasına istinadən xəbər verir.
Ümumilikdə, 38 yaşlı argentinalının cari ildəki zəmanətli gəliri 28 milyon 333 min 333 dollar təşkil etməlidir.
“İnter Mayami”nin ümumi əməkhaqqı fondu 54,6 milyon dollardır. Bu göstərici ikinci yerdə qərarlaşan “Los-Anceles”dən (32,7 milyon) 20 milyon dollar çoxdur. Liqada ən aşağı büdcəyə sahib olan “Filadelfiya” (11,7 milyon) ilə müqayisədə isə bu məbləğ təxminən beş dəfə yüksəkdir. 2025-ci il mövsümünün əvvəlində “İnter”in maaş fondu 46,8 milyon dollar təşkil edirdi.
Messinin 2023-cü ilin iyulunda MLS təmsilçisi ilə imzaladığı ilk müqaviləyə 12 milyon dollar baza maaşı və illik təxminən 20,5 milyon dollar məbləğində zəmanətli kompensasiya daxil idi. 2025-ci ilin oktyabrında Messi 2028-ci il mövsümünün sonuna qədər nəzərdə tutulan üçillik müqavilə imzalayıb və bundan sonra komandanı tarixindəki ilk MLS çempionluğuna daşıyıb.//Operativ Media