Ermənistanın baş naziri Nikol Paşinyan onun ölkəsini Avrasiya İqtisadi İttifaqından qovmaqla hədələyən Rusiyanın təhdidlərinə cavab verib.
Medianews.az-ın məlumatına görə, mayın 22-də İrəvanda jurnalistlərlə söhbətində Paşinyan bəyan edib ki, qaydalara əsasən, Avrasiya İqtisadi İttifaqından çıxmaq qərarını yalnız üzv dövlətin özü verə bilər. O vurğulayıb ki, üzv dövlətin birlikdən çıxarılması mexanizmi yoxdur: “Ona görə yalnız Ermənistan özü Avrasiya İqtisadi İttifaqından çıxmaq qərarına gələ bilər, ayrı qayda yoxdur. Ermənistanın ittifaqdakı statusu məsələsini təkcə biz müzakirə edə bilərik”.
Mayın 29-da Qazaxıstanın Astana şəhərində Avrasiya İqtisadi İttifaqının zirvə görüşü olacaq. Nikol Paşinyan görüşə qatılmayacaq. Bir qədər öncə Rusiya baş nazirinin müavini Aleksey Overçuk demişdi ki, Astanadakı görüşdə Ermənistanın ittifaqdakı statusu məsələsi müzakirəyə qoyulacaq.
Paşinyan 22 may açıqlamasında bildirib ki, İrəvan istənilən məsələni müzakirə etməyə hazırdır: “Güman edirəm ki, tərəfdaşlarımızın sualları ola bilər və biz bütün suallara səbirlə cavab verəcəyik”.