Telejurnalist Müsəllim Həsənli deyir ki, Ermənistan baş naziri Nikol Paşinyanın partiyasının parlament seçkilərinin qalibi olması və bu şəxsin hakimiyyətdə qalması ölkəmiz üçün həm faydalıdır, həm də ziyanlar ola bilər.
Ustad fikrini belə izah edir ki, indilikdə Paşinyanın və onun iqtidar komandası üzvlərinin sülhpərvər ritorikası səmimi olduğu üçün xoşagələndir və bu mövqe iki ölkə arasındakı münaqişəyə birdəfəlik son qoymaq istiqamətində önəmlidir.
Gerçəkdən də istər Paşinyanın, istərsə də xarici işləri naziri Alen Simonyanın Ermənistanın 29,7 kvadrat\kilometrlik əraziyə malik olmasını təkrar-təkrar vurğulamaları onun göstəricisidir ki, rəsmi İrəvan artıq başqa ölkələrə, xüsusilə də Azərbaycana qarşı torpaq iddiasında deyil.
Ermənistanın bizə qarşı torpaq iddiasında olmaması artıq regionda sülh deməkdir. Çünki Azərbaycanın Ermənistana qarşı torpaq iddiası yoxdur. Biz 198 il əvvəl çar Rusiyasının işğalı nəticəsində de-fakto, 108 il əvvəl isə de-yure əlimizdən çıxan İrəvan qalasının, eləcə də Zəngəzur, Göyçə, Vedibasardakı torpaqlarımızın davasını aparmırıq. Ermənistan 29,7 kvadrat\kilometrlik ərazi ilə BMT-nin və digər beynəlxalq təşkilatların reyestrində qeydiyyatdadır və Azərbaycanın bu statistik göstəriciləri dəyişdirmək fikri yoxdur.
Yetər ki, Ermənistandakı bəzi qüvvələr də özlərinə gəlsinlər, ağıllarını başlarna yığsınlar və sərhədaşırı xarici dövlətlərin hərbi-maddi-siyasi yardımı ilə məlum status-kvonu dəyişdirmək fikrinə düşməsinlər. Belə olarsa, sülh olacaq, olmasa, iki ölkə arasında müharibə şəraiti bərpa oluna bilər.
Paşinyan və komandası bunu anlayıb və istəmir ki, Qafqazın ən kiçik respublikası yenidən müharibə alovuna qərq olsun. Onlar anlayırlar ki, yeni müharibə həm yeni, həm də böyük avantüra deməkdir.
Köçəryan-Sarkisyan tandemi “bir zamanlar nəinki Şuşa, Laçın, Kəlbəcər, hətta Zəngilan, Füzuli, Ağdam, Qubadlı da əlimizdəydi” deyə militarist-aqressiv çıxışlarla millətçi-revanşist ermənilərin könlünü oxşaya bilər, amma gerçəklik budur ki, həmin avantüranın axırı İrəvandakı “Yerablur” panteonunun (hərbi məzarlıq) dolması və genişlənməsi ilə nəticələndi.
Qarabağ uğrunda daha bir hərbi kampaniyaya start vermək həmin panteonun əbədi sakinlərinin sayını artırmaqdan başqa bir işə yaramayacaq. Bunu ayıq düşünən, eyforiyaya qapılmayan, emosional düşünməyən bütün ermənilər dərk edir.
Paşinyan məhz onların səsinə güvənir. O, xalqdan səs alaraq hakimiyyətdə qalsa, qalıcı sülh istiqamətində daha əmin addımlar atacaq. Bu, həm Ermənistan, həm də Azərbaycan üçün ən optimal, arzuolunan variantdır.
Bəs Paşinyanın xalqdan səs alaraq yenidən baş nazir olmasının Azərbaycan üçün nə kimi zərərləri ola bilər?
Müsəllim Həsənlinin fikri belədir: “Paşinyan yenidən baş nazir seçilsə, Rusiyanın bütün iqtisadi-siyasi təzyiqlərinə baxmayaraq, ölkəsini irəli aparacaq, inkişaf etdirəcək. Avropaya inteqrasiya bu ölkəni çiçəkləndirəcək və gücləndirəcək”.
Bu fikirlərlə razılaşmamaq mümkün deyil. Paşinyanın Avropa yolu tutduğu artıq dünyada heç kəsə sirr deyil və bu kiçik ölkənin Rusiyanın artmaqda olan təzyiq və təhdidlərinə məruz qalmasının səbəbidir.
2019-cu ilə qədər Rusiyanın Həştərxan vilayəti kimi bir şey olan və Moskvadan idarə olunan Ermənistanın əsl müstəqil dövlət olmaq, öz xarici və iqtisadi siyasətini özü müəyyən etmək cəhdləri Moskvanın əngəlləri ilə üzləşir. Çoxlarına elə gəlir ki, Ermənistan Rusiyasız yaşaya bilməz.

Ancaq elə deyil. Rusiya Ermənistanı dərin sularda üzən balıqçı qayığı kimi özbaşına buraxsa, Ermənistan batmayacaq, ABŞ və Fransa başda olmaqla Avropa ölkələri ona xilasedici kəmərlər atacaq, onun Rusiya ilə pozuluşmadan çəkdiyi ziyanı kompensasiya edəcəklər.
Ermənistan kiçik ölkə olduğu üçün Avropanın yardımı onun iqtisadiyyatının inkişafına ciddi təkan verəcək.
Bununla paralel, bu ölkənin Türkiyə və Azərbaycanla sülh sazişi imzalayacağı halda, hər iki qonşusu ilə qarşılıqlı faydalı ticarət ilişkiləri yaradacaq. Ortada düşmənçilik büsatı olmadığına görə İrəvan hərbi sferaya xərclədiyi milyardları sosial-iqtisadi sahəyə yönəldəcək və bu da əhalinin rifahının yüksəlməsinə gətirib çıxaracaq.
İndi Rusiya Ermənistanı qazla hədələyir. Azərbaycanla sülhə gəldiyi təqdirdə Ermənistanın qaz sarıdan elə bir sıxıntısı da olmayacaq.
Ermənistanın dirçəlib güclənməsinin bizə ziyanı o olar ki, sağ biləyi sol ovcuna yoğun gələn zaman revanşist ermənilər yenidən avantürist xülyalara düşə bilərlər.
Bu halda biz də məcburuq ki, iqtisadi inkişafa və sosial rifaha ciddi diqqət yetirək və qonşudan dala qalmayaq.
Xalid KAZIMLI