Peşəkar Futbol Liqası (PFL) Azərbaycan futbolunda ilk dəfə tətbiq olunan yeni təşviq mexanizmi çərçivəsində klublara ödənişlər həyata keçirib.
Medianews.az xəbər verir ki, AFFA İcraiyyə Komitəsinin qərarına əsasən, Misli Premyer Liqasında iştirak edən klubların sifariş vərəqəsində yer alan legioner futbolçular üzrə ödənilən rüsumlar hesabına formalaşan bonus fondu Premyer Liqa klubları arasında bölüşdürülüb.
Bölgü yerli futbolçuların meydana çıxdığı dəqiqələr əsasında aparılıb. Mövsüm ərzində Peşəkar Futbol Liqası tərəfindən müvafiq hesablamalar aparılıb, bütün göstəricilər təhlil olunub və yekun nəticələr AFFA İcraiyyə Komitəsinin təsdiqlədiyi meyarlara uyğun müəyyənləşdirilib.
İcraiyyə Komitəsinin qərarına əsasən, bonus fondunun həcmi minimum 1 milyon manat olaraq nəzərdə tutulsa da, Peşəkar Futbol Liqası tərəfindən klubların hesabına ümumilikdə 2 milyon 610 min manat köçürülüb.
Yekun bölgüdə ilk pillədə “Qəbələ” klubu qərarlaşıb. Daha əvvəl elan olunduğu kimi, klub hesablanmış məbləğə əlavə olaraq 50 min manat həcmində xüsusi bonus da əldə edib. Klublara köçürülən vəsaitlərin məbləği və bölgünün bütün detalları təqdim olunan cədvəldə öz əksini tapıb. Peşəkar Futbol Liqası ümid edir ki, ilk dəfə tətbiq edilən bu təşviq mexanizmi klubların maliyyə dayanıqlığının gücləndirilməsinə, növbəti mövsüm üçün büdcələrinin formalaşdırılmasına, yerli futbolçuların inkişafının stimullaşdırılmasına və Azərbaycan futbolunun davamlı inkişafına mühüm töhfə verəcək./Qafqazinfo.az