Yay mövsümündə havaların istiləşməsi ilə qida zəhərlənməsi hallarında artım müşahidə olunur.
Medianews.az xəbər verir ki, türkiyəli daxili xəstəliklər üzrə mütəxəssis Hakan Güdücü isti havalarda qida gigiyenasına ciddi əməl olunmasının vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, uyğun şəraitdə saxlanılmayan qidalar bakteriya və virusların sürətlə çoxalmasına səbəb olur ki, bu da ağır sağlamlıq problemləri yarada bilər. Xüsusilə açıq havada satılan məhsullar daha tez xarab olur. Soyuq şəraitində saxlanılmalı olan məhsulların lazımi temperaturda qorunduğuna diqqət yetirilməlidir.
Mütəxəssis bildirib ki, qida zəhərlənməsi əsasən ürəkbulanma, qusma və diareya ilə özünü göstərir. Xəstəlik virus, bakteriya, parazit və ya kimyəvi maddələrin yaratdığı toksinlər nəticəsində baş verə bilər. Əksər hallarda yüngül keçsə də, bəzi hallarda həyati təhlükə yaradan ağır fəsadlara səbəb olur.
Həkim qidaların çirklənməsinin əsas səbəblərindən birinin gigiyena qaydalarına əməl edilməməsi olduğunu deyib. Əllərin yuyulmaması, yaxşı təmizlənməmiş meyvə-tərəvəzin istifadəsi və çarpaz çirklənmə riski zəhərlənmə ehtimalını artırır. Məsələn, çiy toyuq əti doğranmış lövhənin yuyulmadan salat hazırlanması üçün istifadə edilməsi mikroorqanizmlərin digər qidalara keçməsinə səbəb ola bilər.
Onun sözlərinə görə, qida zəhərlənməsinin əlamətləri adətən şübhəli qidanın qəbulundan 1-8 saat sonra ortaya çıxır. Qarın ağrısı, halsızlıq, yüksək hərarət, sulu və ya qanlı diareya, bəzi hallarda isə başgicəllənmə və bulanıq görmə müşahidə oluna bilər.
Mütəxəssis qida zəhərlənməsindən qorunmaq üçün aşağıdakı tövsiyələri verib:
- Əlləri tualetdən sonra, uşaq bezini dəyişdikdən, heyvanlara və tullantılara toxunduqdan sonra mütləq yumaq;
- Çiy süd və pasterizə olunmamış süd məhsullarından uzaq durmaq;
- Meyvə və tərəvəzləri yaxşı yumaq;
- Kəsmə lövhələri və bıçaqları hər istifadədən sonra təmizləmək.
Həkim xüsusilə toyuq və hinduşka ətinin düzgün saxlanmasının vacibliyini vurğulayıb. Bu məhsullar alındıqdan sonra ən gec bir saat ərzində soyuducuya yerləşdirilməli, iki gün ərzində istifadə olunmayacaqsa dondurulmalıdır. Soyuducunun temperaturu 4°C-dən, dondurucunun temperaturu isə -18°C-dən aşağı saxlanmalıdır. Bişmiş yeməklər də iki saat ərzində yenidən soyuducuya qoyulmalıdır.
Hakan Güdücü qida zəhərlənməsi zamanı orqanizmin itirdiyi mayenin bərpasının vacib olduğunu bildirib. Bol su qəbul edilməli, elektrolit itkisini kompensasiya etmək üçün duz qəbulu da nəzərə alınmalıdır. Qidalanmada yağlı və ədviyyatlı yeməklərdən uzaq durmaq, banan, düyü sıyığı, kartof püresi, yulaf, kraker, qaynadılmış tərəvəz və şorba kimi yüngül qidalara üstünlük vermək tövsiyə olunur.
Mütəxəssis qeyd edib ki, sidiyə 5 saatdan çox çıxmamaq, sidiyin tünd rəng alması, ağız quruluğu, şüurun bulanması, əzələ qıcolmaları, 38,3°C-dən yüksək hərarət, qanlı diareya, şiddətli qarın ağrısı və ya gün ərzində altı dəfədən çox diareya hallarında dərhal tibb müəssisəsinə müraciət edilməlidir. O, xüsusilə uşaqların, yaşlıların, xərçəng xəstələrinin və orqan transplantasiyası olunmuş şəxslərin risk qrupuna daxil olduğunu vurğulayıb.