Mütəxəssislər bildirirlər ki, sosial mediada yayılan məzmun insanlar arasında münasibətlər və tanışlıqla bağlı yanlış təsəvvürlərin formalaşmasına səbəb ola bilər. Xüsusilə alqoritmlərin istifadəçilərə seçilmiş məzmun təqdim etməsi qadın və kişilərin bir-birinə qarşı daha mənfi baxış formalaşdırmasına yol aça bilər.
Medianews.az xəbər verir ki, “Psychology Today” saytınında yayımlanan təhlilə görə, bu gün subay insanların təxminən yarısı ümumiyyətlə münasibət qurmağa maraq göstərmir.
Tədqiqatçılar hesab edir ki, bu tendensiyada sosial medianın da rolu ola bilər.
Araşdırmada qeyd olunur ki, sosial media alqoritmləri istifadəçinin baxdığı, bəyəndiyi və maraq göstərdiyi paylaşımlara əsasən ona yeni məzmun təqdim edir. Məsələn, münasibətləri tənqid edən və ya ayrılıqları mənfi formada izah edən videolara bir neçə saniyə artıq baxmaq belə oxşar məzmunun artmasına səbəb ola bilər.
Nəticədə istifadəçi zamanla münasibətlərə qarşı neqativ və qərəzli paylaşımlarla daha çox qarşılaşır.
Təhlildə bildirilir ki, kişilərə təqdim edilən bəzi məzmunlarda qadınlar etibarsız və münasibətlərdə problem yaradan tərəf kimi göstərilə bilər. Qadınlara yönələn paylaşımlarda isə kişilər risk və emosional çətinlik mənbəyi kimi təqdim olunur.
Mütəxəssislər qeyd edirlər ki, “narsisizm”, “emosional uzaqlıq” və digər psixoloji anlayışlar sosial mediada bəzən yanlış və ya həddindən artıq sadələşdirilmiş formada istifadə edilir.
Araşdırmaya görə, bu cür məzmunun davamlı təkrarlanması qadın və kişilərin bir-birini tərəfdaş yox, qarşı tərəf kimi görməsinə səbəb ola bilər.
Bu proses “münasibət seçiminə əsaslanan qütbləşmə” kimi qiymətləndirilir. Yəni insanlar tanışlıq, ailə və münasibətlərlə bağlı daha sərt və bölünmüş mövqelər formalaşdırır.
Mütəxəssislər vurğulayırlar ki, sosial media münasibətlərin tam mənzərəsini əks etdirmir. Buna görə istifadəçilərə qarşılarına çıxan məzmunu tənqidi düşüncə ilə dəyərləndirmək və hər paylaşımı reallıq kimi qəbul etməmək tövsiyə olunur.