Medianews.az
Telefonsuz Şahramanyan,
74 baxış

Telefonsuz Şahramanyan, İrəvandakı separatizm yuvası və Nikolun qazancı...

Qarabağ ermənilərindən on illər boyu Azərbaycana qarşı alət kimi istifadə edənlər bu günlərdə onları Nikol Paşinyan komandasına qarşı səfərbər etməyə çalışırlar. Amma 7 iyun seçkilərinin təkcə özü üçün deyil, Ermənistan üçün də taleyüklü olduğunu anlayan Paşinyan  “maşa” rolunda çıxış edənlərə münasibətdə çox qəzəblidir və hətta onların “kökünü kəsəcəyini” deyir.

Son aylar Qarabağdan getmiş separatçıların baş nazir Nikol Paşinyana qarşı radikal hücumları sosial şəbəkədə və yerli mediada gen-bol ictimailəşdirilir. Hakimiyyət mediası da bu kimi faktları senzurasız tirajlayır. Qarabağ erməniləri tərəfindən Paşinyana gah qatarda, gah küçədə, gah da ticarət mərkəzlərində hücumlar olur, onu “Qarabağı satmaqda” ittiham edirlər. Heç şübhəsiz ki, bu şəxslər seçkiqabağı xüsusi təlimat almış adamlardır. Amma Nikol Paşinyan da o ittihamların qarşılığında sərt addımlardan, hətta qarşısındakıları və onların arxasında gizlənən caniləri təhqir etməkdən çəkinmir, çünki məsələnin mahiyyətindən xəbərdardır. Baş nazir görür ki, Qarabağdakı separatizmi qızışdıran ölkə 44 günlük müharibədən sonra da Ermənistandakı qarabağlılara “rus əlifbası”ndan tutmuş, döşəkağına qədər “humanitar yardımlar” daşıyır, seçkiöncəsi də onları qızışdırıb yenidən ortaya atıb. Dövlət başçısı səviyyəsində “Qarabağı Azərbaycan ərazisi kimi birinci Paşinyan tanıdı”, bəyanatının arxasında baş naziri didib-parçalamaq mesajı var idi sözsüz ki...Buna nail ola bilmədilər, hesab edirlər ki, gözdənsalma kampaniyası ilə Paşinyanı 7 iyunda “gedər-gəlməz”ə göndərə bilərlər. Elə xüsusi tapşırıqla İrəvana gəlmiş kilsənin donoru milyarder Samvel Karapetyandan tutmuş, Xocalı canisi Robert Köçəryana qədər radikalların hərəkətə keçməsinin, küçələrdə Qarabağ ermənilərinin “hüquqlarını müdafiə edənlərin” çoxalmasının da səbəbi göndərilən xüsusi direktivlərdir.

ROBERT.jpg (83 KB)

Amma Nikol Paşinyan da bu qüvvələrin nazı ilə oynamaq niyyətində olmadığını nümayiş etdirir: səsini çıxaranları “dam”a basdırır. Qarabağdan qaçıb getmiş separatçıların başçılarını da sakit buraxmaq niyyətində olmadığını bəyan etdikdən az sonra müvafiq orqanlar hərəkətə keçib.

Qarabağdan Ermənistana getmiş erməni separatçılarının keçmiş başçısı Samvel Şahramanyanla bağlı istintaq hərəkətləri davam edir. Erməni mediası bildirir ki, vəkil Roman Yeritsyan Şahramanyanın mobil telefonunun istintaq tərəfindən müsadirə olunduğunu açıqlayıb.

“Baş Hərbi İstintaq İdarəsinin marağı 24 sentyabr 2023-cü ildə yanacaqdoldurma məntəqəsində baş vermiş partlayışla bağlı hadisələrə aiddir, halbuki telefon 2025-ci ildə istehsal olunub”, - Yeritsyan deyib.

Beləliklə, Xankəndidə 2023-cü ilin sentyabrında baş vermiş dəhşətli yanacaq anbarı partlayışı ilə bağlı istintaq yenilənib. Şahramanyan Ermənistan İstintaq Komitəsinə çağırılıb və ona mobil telefonunun götürülməsi ilə bağlı order təqdim olunub.

Xatırladaq ki, həmin hadisə Qarabağ ermənilərinin bölgəni tərk etdiyi günlərdə baş vermişdi və azı 170 erməni ölmüşdü. Beləliklə, Xankəndidə “ağ bayraq” qaldırsa da, İrəvana qaçandan sonra yenidən sərsəm iddialar səsləndirən Şahramanyanın dilinin kəsilməsi istiqamətində proses başladılıb.

Özü də Qarabağdan çıxıb gedənlərdən biri olan vəkil Yeritsyan yerli mediaya onu da bildirib ki, “artsax”ın keçmiş “hərbi komissarı” (1999–2011), “müdafiə ordusunun döyüş hazırlığı şöbəsinin keçmiş rəisi” (1993–1998), Ermənistan Müdafiə Nazirliyinin hərbi şurasının üzvü Feliks Qabrielyana 2008-ci ildə ayrılmış 60 kvadratmetrlik xidməti mənzilin boşaldılması barədə bildiriş gəlib. Əsas kimi isə “mənzilin qanunsuz verildiyi” göstərilib. Vəkil iddia edib ki, həmin mənzil Feliks Qabrielyan və onun ailə üzvlərinin Ermənistandakı yeganə yaşayış yeridir. Göründüyü kimi, vaxtilə “gəmidə oturub, gəmiçi ilə dava edən”lər Ermənistanda da dinc oturmaq istəmədiklərinə görə Paşinyan onlarla haqq-hesab çürütməyə, bir-bir ifşa etməyə qərar verib. Qarabağda, Azərbaycan vətəndaşlarına aid mülkləri yağmalayan separatçılar Ermənistanda da eyni üsuldan bəhrələnməyə çalışıblar, özü də Paşinyanın üstünə xoruzlanaraq.

a3477109-8495-36d0-8a13-596ac88a3941_1200.jpg (194 KB)

Bundan əvvəl qondarma “artsax”ın keçmiş “müdafiə naziri” Mikael Arzumanyan barəsində də eyni proses başladılıbmış, lakin inzibati məhkəmənin qərarı ilə mənzilin boşaldılmasına yönəlmiş icraat dayandırılıb. Vəkil deyib ki, “mənim məlumatıma görə, buna bənzər yüzlərlə proses başlanıb. Bildirişdə pozuntunun faktiki əsası göstərilməyib, hüquqi əsaslar isə tamamilə başqa vəziyyətdən bəhs edir, cəmi 3 cümlədən ibarət olan bildirişin özündə isə onlarla orfoqrafik və faktiki səhv var”. Beləcə, Paşinyan separatçılara “qan uddurur”.

Bundan əlavə, separatçıların vəkili bildirib ki, 22 may 2026-cı ildə İrəvan şəhəri, Nairi Zaryan 17/2 ünvanında yerləşən qondarma “artsax respublikası nümayəndəliyi”nin binasına mülkiyyət hüququnun ləğvi ilə bağlı prokurorluğun iddiası üzrə qərar dərc olunmalı idi, lakin bu günədək qərar yayımlanmayıb.

Əslində bu məsələ tezliklə həllini tapmalıdır, çünki İrəvanda Azərbaycanın ərazi bütövlüyünü təhdid edənlərin ofisdə fəaliyyət göstərməsi Paşinyanın sülh bəyanatlarına ciddi şübhə yaradır. Həm də özünün əl-ayağına dolaşanlardan birdəfəlik xilas olar.

Nikol Paşinyanın yürütdüyü siyasi kursu Ermənistan əhalisinin böyük əksəriyyəti dəstəkləyir ki, bu da onun imkanlarını artırır. Son sorğuya əsasən, rəyi soruşulanların 61 faizi mövcud gedişatdan razıdır, yəni Qərbə inteqrasiya, Azərbaycan və Türkiyə ilə bağlı siyasətdən. Belə olduğu halda niyə tərəddüd etməlidir ki? Kreml İrəvanın mövqeyindən narazıdır, üstəlik, ABŞ dövlət katibi Rubionun səfəri əsəbləri tarıma çəkib. Lakin səs verən erməni seçicisidirsə, Kremlin təhdidləri nəyi dəyişəcək ki? Ermənistan əhalisi bu gün hansı yolu seçir: Qarabağ uğrunda yenidən mənasız müharibədə ölməyi, yoxsa Azərbaycan və Türkiyə ilə normal münasibətləri? Yaxud çörək dalınca üz tutduqları Rusiyada olmazın zülm-zillət çəkməyi, sonda da Ukrayna torpaqlarında can verməyi, yoxsa Qərbə inteqrasiyanın zövqi-səfasını çəkməyi? Ermənilər o qədər də ağılsız deyillər ki, özlərini yenə də od-alova atmaq istəsinlər, separatçıların, onların arxasındakı “artsaxoidlər”in felinə uysunlar. Budur, Paşinyan Şirak vilayətində deyib ki, Ermənistanla Avropa İttifaqı arasında viza liberallaşması məsələsi ən geci iki ilə həll olunacaq.

“Ermənistan vətəndaşları uzun müddətdir Avropa İttifaqına səfər üçün viza almaqda problemlərdən şikayətlənirlər. Səbəb 2018-ci ildən 2025-ci ilə qədər Aİ-yə gedən Ermənistan vətəndaşlarının sayının 500 faiz artmasıdır”, - Paşinyan deyib.

Baş nazir bildirib ki, Avropa ölkələrinin səfirlikləri Ermənistan vətəndaşlarının axınını qəbul etməyə çatdırmır. Bu axının iştirakçıları “işıq gələn, yoxsa it hürən tərəf” seçimi qarşısındadırlar. Ona görə də yerli ermənilər Paşinyanın “talançı heyvanlar” adlandırdığı baş separatçılarla bağlı hədələrini ləzzətlə izləyirlər.

“Siz Qarabağ xalqını da girov götürmüşdünüz, bəli, girov götürmüşdünüz Qarabağ xalqını. İndi gəlib Qarabağ məsələsini qaldırırsınız. Əgər siz belə Qarabağ məsələsi qaldıransınızsa, onda gedib həlak olardınız da. Niyə sağsınız ümumiyyətlə?! Bəs axı siz nə üçün sağsınız? Sən nə üçün sağsan ki, axı indi də gəlib 5 min nəfər qurban barədə danışırsan mənimlə ay alçaq, nə üçün sağsan?! Bəs indi Şahramanyan nə üçün sağdır, hələ o birilər: indi sizin parlamentdə deputat hesab olanlar nə üçün sağdırlar? Nə üçün həlak olmadılar? İndi isə gəlib deyirlər ki, 5 min qurban gedib. Nə üçün bəs siz həlak olmamısınız? Kim sizi qoruyub saxlayır ümumiyyətlə ay şərəfsizlər?” - demişdi Paşinyan, qorxularından səsləri çıxmır bəzi separatçıların. Nikol daha sonra deyib: “İndi Ermənistanda Qarabağın milli məclisi var, Ermənistanda isə Qarabağ hökuməti var. Hamısını kökündən təmizləyəcəm”.

a69c4dd1-483a-3dfa-89db-07a66fd310ab_1200.jpg (184 KB)

Bəli, 2023-cü ilin 28 mayında Azərbaycan Prezidenti İlham Əliyev Laçından Xankəndidəki separatçılara xəbərdarlıq etmişdi. Sitat:

“Buradan – uzun illər istismar etdikləri, qanunsuz məskunlaşdıqları Laçın diyarından onlara bir daha deyirəm ki, sizin kitabınız bağlandı. “Miatsum” kitabı bağlandı, separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca getdi. Statusu isə biz hələ İkinci Qarabağ müharibəsi zamanı göndərmişik lazım olan yerə. Ona görə, yeganə yol qalıb – Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal normal vətəndaşı olmaq, öz dıqnaqarası saxta dövlət atributlarını zibil yeşiyinə atmaq, “parlament”i buraxmaq”.

Separatçılar eşitmədilər, başlarından böyük davrandılar, cəzalarını aldılar.

Bu gün separatçılar Ermənistan rəhbərliyi tərəfindən hədələnir, istintaq hərəkətə keçib. Şübhəm yoxdur ki, bu, həm də Vaşinqton razılaşmasından sonra Paşinyanın Prezident Əliyevdən aldığı “ev tapşırıqları”na uyğun mövqedir. Paşinyan sonadək belə davam etsə, qazanacaq...Həm də “kadastr sənədi olmayan” Ermənistanı...

Elşad PAŞASOY 

Bizə qoşulun