ABŞ-nin aktivist investisiya fondu Elliott Investment Management Yaponiyanın sənaye nəhənglərindən biri olan Toyota Industries şirkətini almaq üçün investorları ətrafına toplamağa çalışır. Fondun təklif etdiyi qiymət isə Toyota qrupunun əvvəlki təklifindən daha yüksəkdir.
Demokrat.az xəbər verir ki, məsələ birbaşa "Toyota Motor Corporation"ın satılması deyil. Söhbət qrupun tərkibində fəaliyyət göstərən "Toyota Industries"in özəlləşdirilməsi planı ətrafında yaranan mübahisədən gedir.
Məlumata görə, Elliott səhmdarlara mövcud bazar qiyməti səviyyəsində və ya daha yüksək məbləğ təklif etməyə hazırdır. Fond hesab edir ki, şirkətin real dəyəri hər səhm üçün azı 26 min yen təşkil edir. Halbuki Toyota qrupunun yanvar ayında açıqladığı təklif 18 min 800 yen səviyyəsində idi.
Tokio birjasında səhmlər son əməliyyatlarda 20 min 270 yenə qədər yüksəlib ki, bu da investorların daha yüksək qiymət gözləntisinin formalaşdığını göstərir.
"Bloomberg"in yaydığı xəbərə əsasən, azlıq səhmdarlarının təzyiqi fonunda Toyota qrupu təklif qiymətini artırıb və müddəti uzadıb. Lakin Elliott digər investorları səhmlərini satmamağa çağıraraq sövdələşməni əngəlləməyə çalışır.
Hazırda investorların təxminən 33 faizi səhmlərini satmağa razılıq verib. Qrupun artıq sahib olduğu 25 faizlik pay da nəzərə alınarsa, məcburi satınalma həddinə çatmaq üçün hələ müəyyən faiz çatışmır.
Əgər razılaşma baş tutsa, Toyota Industries açıq bazardan çıxarılaraq Toyota Fudosan Co. adlı qeyri-ictimai daşınmaz əmlak şirkətinin nəzarətinə keçəcək. Qrupun son təklifi şirkətin ümumi dəyərini təxminən 6,1 trilyon yen səviyyəsində qiymətləndirir. Sövdələşmənin ümumi dəyərinin isə 5,4 trilyon yenə çata biləcəyi bildirilir.
Beləliklə, sual aktual qalır: Yapon sənaye nəhəngi xarici fondun təzyiqi qarşısında geri addım atacaq, yoxsa investor savaşında üstünlük yerli tərəfdə qalacaq? Qərar yaxın həftələrdə məlum ola bilər.