Medianews.az
UFC döyüşçüləri Bakıda danışdı:
169 baxış

UFC döyüşçüləri Bakıda danışdı: Kim qalib gələcək?

Bakıda keçiriləcək "UFC Fight Night Baku" turniri ərəfəsində iştirakçı döyüşçülərin iştirakı ilə media tədbiri təşkil olunub.

Medianews.az xəbər verir ki, tədbirdə çıxış edən döyüşçülər qarşıdakı görüşlərlə bağlı fikirlərini bölüşərək iddialı açıqlamalar veriblər.

Azərbaycan təmsilçisi Fərman Həsənov UFC-nin ölkəmizdə təşkilinin idmançılar üçün böyük hadisə olduğunu bildirib. O, öz vətənində döyüşməyin ona əlavə motivasiya verdiyini vurğulayıb.

"Azərbaycanda UFC-nin olması idmançılar üçün böyük hadisədir. Öz Vətənimdə döyüşmək mənə motivasiya verir. Qarşılaşmaya tam hazıram. Özümü yaxşı hiss edirəm, təzyiq yoxdur. Yalnız özümə fokuslanmışam. Rəqibə fikir vermirəm. Rəqibim yaxşı idmançıdır, onu təhlil etmişik. Amma qələbə bizimlə olacaq. Ümumiyyətlə, döyüşmək istədiyim xüsusi bir rəqib yoxdur".

F.Həsənov UFC-də əsas hədəfinin çempionluq olduğunu da qeyd edib: "Addım-addım buna çatacağıma inanıram".

Rafael Fiziyevin rəqibi, meksikalı Manuel Torres isə qarşılaşmaya öz üslubu ilə çıxacağını bildirib.

"Rafael Fiziyevin hansı taktikadan istifadə edəcəyini bilmirəm. Amma mənim öz döyüş üslubum var. Bundan da istifadə edəcəyəm. Rəqibim təcrübəli döyüşçüdür. Onun məni ilk raunda məğlub edəcəyini düşünmürəm".

M.Torres ilk raundda qələbə qazanmaq ehtimalını da istisna etməyib: "Bu, mümkündür. Həmişə beş raundluq döyüşə hazıram. İlk raundda rəqibi üstələmək strategiyanın bir parçasıdır".

Bakı barədə danışan döyüşçü şəhər və insanlarla bağlı müsbət fikirlər səsləndirib: "Şəhəriniz çox gözəldir. İnsanları qonaqpərvərdir. Hələlik çox gəzə bilməmişəm".

O, azarkeşlərə də təşəkkür edib: "Azərbaycanlı azarkeşlərin enerjisini bəyəndim. Məni tanıyırlar. Bu mənə yaxşı təsir bağışladı. Onlara təşəkkür edirəm".

ABŞ-li MMA idmançısı Çarlz Conson da Bakıda azarkeşlər tərəfindən qarşılanmasından məmnun qaldığını bildirib.

"Gecə Bakıya çatmışam. Məni bir sıra azarkeşlər qarşıladılar. Düşünürəm ki, bu, möhtəşəm idi".

Qazaxıstanlı Asu Almabayevlə döyüşəcək idmançı rəqibinə hörmət etdiyini deyib: "Daha əvvəl də bu ölkənin təmsilçiləri ilə üz-üzə gəlmişəm. Qazaxıstanın idmançılarına hörmətlə yanaşıram. Onların döyüşçülərinə rəğbətim var".

Azərbaycanla bağlı təəssüratlarını bölüşən Conson əlavə edib: "Yeməklərinizin dadına baxa bilməmişəm. Döyüşdən sonra bunu edəcəyəm. Bakıdakı insanlar çox mehribandır. Şəhəriniz də səliqəli və gözəldir".

Azərbaycanlı döyüşçü Tahir Abdullayev isə braziliyalı Ceferson Nasimento ilə qarşılaşma öncəsi rəqibinin güləşdə ondan üstün olmadığını bildirib.

"Rəqibin güləşdə məndən güclü olduğunu düşünmürəm. Ayaqüstə mübarizəyə üstünlük verəcəyəm. Lazım olsa, güləşdə də sözümüzü deyərik".

T.Abdullayev UFC-də çıxış etməsindən məmnunluğunu da ifadə edib: "Sevincimin həddi-hüdudi yoxdur. Azarkeşlər öz döyüşçülərinə dəstək olurlar. Onlara təşəkkür edirəm. Çıxış etdiyim çəkidə güclü idmançılar çoxdur. Çəkimi azalda bilərəm. Amma bunu istəmirəm".

Braziliyalı Mateus Kamilo isə Nazim Sadıxovla döyüşə tam hazır olduğunu vurğulayıb.

"Bu döyüşə tam hazıram. Qələbə qazanacağıma da inanıram. Bir neçə gündür ki, buradayam. Şənbə günü axşam çox gözəl döyüş görəcəksiniz. Rəqibimi məğlub etsəm, qələbəmi ailəmə, azarkeşlərə, məni sevənlərə və sevməyənlərə həsr edəcəyəm".

Rusiyalı döyüşçü Şarabutdin Maqomedov isə braziliyalı Mişel Pereyra ilə görüşdən əvvəl iddialı açıqlama verib.

"Onun məni qiymətləndirməməsinə görə çox sevinirəm. Möhtəşəm döyüş göstərmək və savaşmaq istəyirəm. Mən döyüşçüyəm, o isə aktyordur".

O, yarışa ilk dəfə qızları ilə gəldiyini də bildirib: "Amma onlar zalda olmayacaqlar, məni televiziyadan izləyəcəklər".

Nazim Sadıxov isə rəqibini ətraflı təhlil etdiyini deyib.

"Rəqibin zəif və güclü tərəflərini təhlil etmişəm. Öz üzərimdə çox çalışmışam. Şənbə günü özümü göstərməyə çalışacağam. Bonusu qazanmaq məqsədimiz deyil".

Son məğlubiyyətinə də toxunan döyüşçü bildirib: "Düşünürəm ki, bir qədər məşqim az olmuşdu. Növbəti görüşdə qələbəyə köklənəcəyəm və sıfırdan başlayacağam. Öz taktikamla döyüşmək istəyirəm. Amma bəzən içimdə hisslər ortaya çıxır. İstər Bakı, istərsə də başqa yerdə təzyiq olur. Bu yarışda da əlimdən gələni edəcəyəm".

O, UFC-nin Bakıda təşkilindən razı qaldığını da qeyd edib: "UFC-nin Bakıdakı təşkilatçılğından razıyam. Ölkədə müxtəlif idman tədbirləri də keçirilir. Düşünürəm ki, gələcəkdə daha da yaxşı olacaq".

Azərbaycanlı MMA idmançısı Rafael Fiziyev isə qarşıdakı döyüşdə təcrübəsinə güvəndiyini bildirib.

"UFC-də çox döyüş keçirmişəm. Karyeramda təcrübəmdən yararlanacağam. Öz güclü tərəflərimdən onun zəif cəhətləri üçün istifadə edəcəyəm. Beş raund döyüşmək daha yaxşıdır. Şənbə günü daha həyəcanlı olacaq. Həm psixoloji, həm də taktiki cəhətdən döyüşə hazıram".

Qeyd edək ki, "UFC Fight Night Baku" turniri iyunun 27-də Milli Gimnastika Arenasında keçiriləcək.

Bizə qoşulun