Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 7 iyun 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.
Medianews.az xəbər verir ki, imtahanda iştirak edən abituriyentlər nəticələri, cavab kartı və cavab vərəqinin qrafik təsvirləri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə buradan tanış ola bilərlər.
Abituriyentlər imtahanın nəticəsi haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 40504 abituriyentdən (I qrup üzrə 33986 nəfər, IV qrup üzrə 6518 nəfər) 1996 nəfər (I qrup üzrə 1821 nəfər, IV qrup üzrə 175 nəfər) imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 16 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.
III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçən 11187 abituriyentdən 1105 nəfər coğrafiya fənni üzrə imtahana gəlməyib.
Bu imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 5 nəfər – Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü liseyin məzunu Məcidli Burlaxatun Bəhruz qızı, Bakı şəhəri Nizami rayonu 238 saylı məktəbin məzunu Hüseynli Leyla Samir qızı, Gəncə şəhər Fizika, Riyaziyyat və İnformatika Təmayüllü liseyin məzunu Mehdiyev Əli Eldar oğlu, Tovuz rayonu S.Kazımov adına Qovlar şəhər orta məktəbinin məzunu Qənbərov İsrafil Ramil oğlu və Bakı şəhər Yasamal rayonu Fizika, Riyaziyyat və İnformatika Təmayüllü liseyin məzunu Zeynalova Nargilə İlkin qızı göstərib.
Məcidli Burlaxatun Bəhruz qızı hər iki mərhələnin cəminə görə I ixtisas qrupu üzrə maksimum nəticəni (700 bal) göstərən abituriyentdir. O, imtahanın birinci mərhələsində 300 bal toplayıb.
Bu imtahanda IV ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 2 nəfər – Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu Əliyeva Aysu Rauf qızı və Bakı şəhəri Nizami rayonu 220 saylı məktəb-liseyin məzunu Hümbətova Ayan Xəqani qızı göstərib.
Əliyeva Aysu Rauf qızı hər iki mərhələnin cəminə görə IV ixtisas qrupu üzrə ən yüksək nəticəni (693.6 bal) göstərən abituriyentdir. O, imtahanın birinci mərhələsində 293.6 bal toplayıb.
Xatırladaq ki, imtahanın I mərhələsində maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 29 iyun saat 10:00-dan 1 iyul saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:
Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;
Abituriyentlərin müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;
Abituriyentlərin apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilir.
Bundan sonra abituriyentlər apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.
Cavab kartında (vərəqində) təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.
Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.