Medianews.az
Uşaqlara bulka pulu verilsin...
107 baxış

Uşaqlara bulka pulu verilsin...

Çiyninə hansısa musiqi alətini çexolunda asmış gənc ata azyaşlı oğlu ilə birgə avtobusa mindi. Kartla ödəniş edib oturmaq istəyirdi ki, sürücü ucadan “bir ödəniş elədin, bəs ikincisi?", -deyə səslədi.

Sərnişin "o uşaqdır, mən heç vaxt ödəniş eləmirəm”, deyəndə sürücü yenə təkidlə ödəniş istədi: “5 yaşdan yuxarı uşaqlara gedişhaqqı ödənməlidir!” Atanın müqavimətini görən sürücü “ödəməsən, avtobus yerindən tərpənməyəcək, camaatı yolundan saxlama"-deyib təkid etdi. Bundan sonra uşağın atası gedib ödənişi etdi, bir neçə dayanacaqdan sonra avtobusdan düşdülər. Deyəsən, uşağı musiqi məktəbinə, ya musiqi müəlliminin yanına aparırdı. Mən o uşağın gözlərinə baxmağa utandım o an...Sürücü də utanaydı kaş...O uşağın atasını utandırmaq, sındırmaq qəhrəmanlıq deyildi o anda...Guya ki, kameradan baxırmışlar, 60 qəpik ödəməsə, dünya dağılacaqmış...

Bəlkə də o uşaq gələcəkdə Azərbaycanın ən böyük musiqiçilərindən biri olacaq. Bəlkə elə generallarından...Bəlkə qanunvericiliyə dəyişiklik edilsin, uşaqpulu məsələsi çətinlik törədirsə, heç olmasa, uşaqlara gedişhaqqı güzəşti edilsin. İnanın, o uşaqlar qat-qat artığını qaytaracaqlar, təkcə AYNA-ya yox, bütövlükdə Vətənə! Görmədikmi, 18-19 yaşlı gənclərimiz necə qəhrəmanlıqlar göstərdilər, üzümüzü ağ elədilər!

Şəhər və rayondaxili avtobuslarda 5 yaşadək uşaqlar üçün ödəniş edilməyəcək

Uşaqlara "bayramınız mübarək" deməyə nə var ki...Onlar üçün bayram ovqatı yaratmalıyıq... 

Avtobusda bir neçə yerdə 5 yaşla bağlı elan yapışdıran sürücüləri qınamıram. Onların istinad etdiyi qanun var.  “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası  Qanununun 6.29-1 saylı maddəsində bildirilir ki, müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında gedişhaqqı 5 yaşadək uşaqlar üçün ödənişsizdir.  

Həmçinin qanunun 6.29. maddəsində bildirilib ki, müntəzəm avtobus marşrutlarında (şəhərdaxili (rayondaxili) avtobuslar istisna olmaqla) sərnişin özü ilə ayrıca yer tutmadan gediş haqqı ödənilmədən 5 yaşa qədər bir uşaq aparmaq hüququna malikdir. Ayrıca yer tutan 5 yaşa qədər uşağa bilet alınmalıdır. Sərnişinlə 5 yaşa qədər bir neçə uşaq getdikdə pulsuz gedən bir uşaqdan başqa hər birinə, həmçinin 5 yaşdan 10 yaşadək hər bir uşağa bilet alınmalıdır. 10 yaşdan yuxarı olan uşaqların getməsinə görə gediş haqqı müəyyən olunmuş tarifin tam həcmində alınır.

Beləliklə, qanuna əsasən, 5 yaşa qədər uşaqlar ictimai nəqliyyatdan pulsuz istifadə edə bilərlər. Ancaq bu rəqəm metro və dəmiryollarında fərqlidir. Düzdür, bəzi qurumlardan fərqli qaydalar var. Belə ki, “Bakı Metropolitenindən istifadə Qaydaları”nın müvafiq maddəsi 7 yaşınadək uşaqları gedişhaqqından azad edir. Eyni zamanda dəmiryollarında da gedişhaqqı 7 yaşdan yuxarı uşaqlardan tələb olunur. Yaxşı, avtobuslarda niyə 5 yaş limiti qoyulmalıdır ki? Uşaq var ki, 6-7 yaşına qədər bağçaya gedir. Yaxud məktəbəqədər yaşında uşaq niyə ödəniş etməlidir ki? Onsuz da pik saatlarda ictimai nəqliyyatda elə basabas olur ki, ayaq üstə, böyüklərin arasında sıxışmış vəziyyətdə qalan uşaqlar nəfəs almağa belə çətinlik çəkirlər. 60 qəpik hansı komforta görə tələb olunur?

Onsuz da uşaqların yükü çoxdur: dərs yükü, çanta yükü...Uşaqların asudə vaxtlarının təşkili artıq arxaik, sovetdənqalma ifadəyə çevrilib. 1-ci sinif uşağı məktəbdən yüklənmiş vəziyyətdə gəlir, gecəyarısınadək bir gözü yuxulu, dərsliklərdən əlavə materiallardan verilmiş tapşırıqları həll etməli, səhər tezdən, yarıyuxulu özünü məktəbə çatdırmalı...Nə proqram tərtib edənlərdən insaf qalıb, nə müəllimdə, nə valideyndə, nə də...sürücüdə...Daha doğrusu, bu qaydaların tətbiqinin özü belə vəziyyət yaradıb. Sürücü deyir qanun var, deməli, qanunu dəyişmək olar, gələcəyimiz naminə. Bir stimul olsun. Bəzi şagirdlər gün ərzində bir neçə avtobus dəyişirlərsə, üst-üstə gəldikdə, bir neçə manat edir. Aylıq yolpulu və ailənin bir neçə üzvü...Hesablayanda bir neçə yüz manat təkcə “xırda xərc”ə çıxır. Kimsə deməsin ki, “60 qəpik nədir?” Bu, yubileylərdə oxunan “60 yaş nədir hələ” mahnısı deyil...60 qəpik bir uşağın ala biləcəyi bulkadır, yazmaq istəyirdim. Xatırladım ki, bu qiymətə də deyil bulka, smit, 1 manatı keçir...Deməli, uşaqları gedişhaqqından azad etsək, onlar tənəffüsdə qida qəbul etmək imkanını artıracaqlar. Məsələn, gündə bir bulka alsalar... Hələ başqa xərclər...

Uşaqların Beynəlxalq Müdafiəsi Gününün tarixi

Elan gözümə dəydi. Yazılmışdı ki, 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Dənizkənarı Milli Parkda attraksion və karusellərin əksəriyyəti, qatarlar uşaqların pulsuz istifadəsinə veriləcək. Məlumata görə, attraksionlardan pulsuz istifadə 15 yaşına qədər olan uşaqlar üçün nəzərdə tutulub. Sağ olsunlar. Bu, ənənəvi qaydaya çevrilib artıq, uşaqları sevindirirlər. Amma o da bildirilib ki, uşaqların attraksionlardan pulsuz istifadə etməsi saat 09:00-dan 13:00-dək mümkün olacaq. Bu gün tətildən sonra dərs günüdür. Bağça yaşlılar da, məktəbəqədərdə təhsil alanlar da, yuxarı siniflərdə oxuyanlar da məktəbdədirlər və ən tezi saat 13.00-da evə dönəcəklər. 5 yaşdan yuxarı olanlar ödəniş etməklə...Onda pulsuz attraksionlarda kim əylənəcək, əmilər?.. Çox yaxşı olardı ki, belə xoşməramlı aksiyalar təşkil olunanda hərtərəfli araşdırmalar aparılsın. Məsələn, uşaqların bayram günü ilə bağlı belə tədbirləri həftəsonuna dəyişmək olar. İldə bir dəfədir də, nə çətin işdir? Uşaqlar borclu qalmaz, əmin olun!

İlham baba mənə "KamAZ" göndərdi" - VİDEO | sfera.az

Prezident İlham Əliyevin, Birinci xanım Mehriban Əliyevanın uşaqları necə sevindirdiyini azmı görmüşük? Elə azad olunmuş Qarabağ torpaqlarında uşaqlarla necə səmimi görüşüb-söhbət etdiklərini, “KAMaz” istəyən uşağa əsl “KAMaz” hədiyyə yollamaları da olduqca xoş xəbərlərdən oldu. Bu nümunələr həm də əlaqədar qurumlara, səlahiyyətli şəxslərə “siz də bizim gələcəyimizlə bağlı təşəbbüslər göstərin”, deyir. Məsələn, niyə bizim ictimai nəqliyyatda uşaqların və böyüklərin ödənişi qiymətdə eyni olmalıdır? Niyə kino və teatrlarda uşaqlarla böyüklər arasında fərq qoyulmamalıdır? Bu ki uşaqpulu deyil, kimlərsə “böyüklər alıb, xərcləyəcək, uşaqlara çatmayacaq”, desin. Birbaşa uşaqlara çatacaq bu güzəşt və onlar da uşaq olmalarının xoşbəxtliyini dadacaqlar, “Dövlət Baba bizə güzəşt edir”, deyə... Kəsəsi, illərdir səslənən uşaqpulu ifadəsi qıcıq doğurur, deyəsən. Elə isə uşaqpulu yox, bulka pulu verilsin...Özü də ünvanlı sosial yardımsayağı, nağdısz ödənişlə, yolpulu güzəşti şəklində...

Elşad PAŞASOY 

Bizə qoşulun