Medianews.az
Yaşamaq haqqında
131 baxış

Yaşamaq haqqında

Vaxtaşırı bizim camaat da Əlcəzairin müdafiəsi tədbirlərinə qoşulur, fransızları orada soyqırım törətməkdə qınayırıq. Əlbəttə, yaxşı eləyirik. Hələ zənciləri meymun kimi zooparkda oynatmış belçikalılara ümumiyyətlə nifrət eləyirik. Ancaq bugünlərdə belə bir qəribə informasiya oxudum, fikrə daldım: 2025-ci ildə Fransada yaşamaq hüququnu qanuni şəkildə əldə edən mühacirlər sırasında 1-ci yeri... əlcəzairlilər tuturmuş. 658 min nəfərdən çox əlcəzairli. Hələ bunlar qanuni gələnlər imiş, qanunsuz mühacir nə qədərdir, Allah bilir, Makron bilmir.

Necə deyərlər, bəzi bostan məhsulları buna görə əyri bitir. O boyda müstəqillik mübarizəsi-filan, fransız istismarına qarşı vuruş-savaş, axırı da belə. Yenə qaç get həmin müstəmləkəçinin torpağına. Nə üçün? Elementar dolanışıq üçün. Ac qalmamaq üçün. Ta təhsil, söz azadlığı, mədəniyyət-zad kimi şeyləri heç düşünməyə imkan yoxdur.

Yaxın keçmişdə, 1991-ci ildə Əlcəzairdə demokratik seçki olanda bilirsinizmi kim qazanmışdı? İslamçılar. Radikal fanatiklər. Ancaq hərbçilər hakimiyyəti onlara verməkdən imtina etdilər, nəticədə o vaxtdan bəri Əlcəzairdə vətəndaş müharibəsi davam edir. Gah qızışır, gah sakitləşir bu dava, lakin bitməsi görünmür. Ümumilikdə 200 mindən çox adam ölüb. Yəni, bir qədər də davam eləsələr fransızların öldürdüyünə çatacaqlar, Allah heç qoymasa...

O mühacir hesabatında bizim üçün maraqlı olacaq detallar bununla bitmirdi. Fransada leqal mühacirlərin siyahısında 2-ci yerdə mərakeşlilər idi – 621 min nəfər, 3-cü yerdə isə tunislilər 312 min nəfər. Ancaq bunları boş verin, əsas 4-cü yer idi. 232 min nəfər. Sizcə bunlar kim olsa yaxşıdır? Türklər. 232 min türk Fransada mühacir imiş.

Buyur. Bundan sonra istədiyin qədər Makrona şapalaq vuran arvadı temasında bambılı zarafatlara qoşul. Lap istəsən İstanbulda xoruzu fransız trikoloru rəngində boya, bulvara burax. Fransada yaşayış axtaran sənin vətəndaşlarındır. Fransız gəlib, misal üçün, Vanda, Samsunda iş axtarmır.

Biz özümüz bu yaxında müstəqilliyimizi qeyd elədik, amma Ukraynaya qarşı rus işğalında yüzlərlə azərbaycanlı həlak olub. Bu adamları Putin rejiminin muzdlu əsgərinə çevrilməyə kim, nə, necə, nə cür vadar edir? Hətta deyilənə görə bu prosesin gizli maklerləri varmış. Adamları savaş bölgəsinə göndərir, əvəzində alınan pulun faizini istəyirlər. Bu bədbəxt insanlar da gedib Ukrayna dronları altında həlak olurlar. Ki, evdəki uşaqlarına beş-on rubl-manat göndərilsin.

Yenə təzəlikcə dövlət idarələrimizdən biri 8 uşaqlı ailəyə diqqət və qayğının guya nümunəsi kimi bir karikatur rəqəm açıqlamışdı. Deyir biz bunlara ayda ümumilikdə 2259 manat sosial yardım veririk. Bah. Yemə-içmə, dombalaq aş, sevincdən şıllaq at... 8 uşaq və ər-arvad birlikdə 10 nəfər edir, 2259 manatı bunların arasında böləndə adambaşına 225 manat 90 qəpik düşür. Keçən ilin dekabrında imzalanan qanuna görə Azərbaycanda yaşayış minimumu 2026-cı ilin 1 yanvarından “ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində” müəyyən edilib.

Belə çıxır, bu yazıqların aylıq gəliri minimum yaşayışı da təmin eləmir. Bəs necə yaşayırlar?

Necə yaşayırıq?

Nəsə, qanımızı qaraltmayaq, cızmaqaranı da bir pritça ilə bitirməyin vaxtıdır.

Birisi ov macərasını danışır: “Meşəyə getmişdim, qarşıma ayı çıxdı. Güllə atdım, dəymədi, ayı düşdü arxamca. Qovaladı, gəldim bir qayaya dirəndim”. Bunu deyib susur. Qarşısındakı adam maraqla soruşur: “Bəs sonra nə oldu?”. Ovçu: “Heç zad, ayı məni yedi”. Adam: “Axı yaşayırsan?!” Ovçu: “Sən indi buna yaşamaq deyirsən?” 

Zamin HACI 

Bizə qoşulun