ABŞ Ədliyyə Nazirliyi sanksiyaya məruz qalmış İran neftini alan və ya satan bütün tərəfləri məhkəmə məsuliyyətinə cəlb etməyi planlaşdırır.
Bununla bağlı ABŞ-nin baş prokuroru səlahiyyətlərini icra edən Todd Blanş özünün "X" sosial media platformasında açıqlama verib.
"Ədliyyə Nazirliyi sanksiyalı İran neftinin alqı-satqısı ilə məşğul olan hər kəsi birmənalı şəkildə məhkəməyə verəcək", - deyə o bildirib.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İran üçün dənizdə "tam blokada" rejimini formalaşdırmaq istədiyini bildirmişdi. Bu da ötən ilin sonlarında Venesuelaya qarşı atılan analoji addımları xatırladır.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.
Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib./oxu.az