Medianews.az
Ağsaqqalın ucuzlaşmağı
153 baxış

Ağsaqqalın ucuzlaşmağı

Yaxud əlaqəsiz qalmış ictimaiyyətin milli-mənəvi problemlərinə retrospektiv baxış-zad

Soyadlarımız haqda dünənki yazıma dəyərli həmkarımız Məğrub Bədəlsoy-dan reaksiya gəlib. Öncə bunu oxuculara çatdırım.

Məğrub bəy çox yerində xatırlatma elədi, Milli Məclisin 1993-cü il fevralın 2-də bu istiqamətdə yaxşı bir qərar qəbul elədiyini yadımıza saldı. Ali Sovetin sədri İsa Qəmbərovun imzaladığı (görünür İsa bəy o günlərdə hələ özü də “ov” sonluğunu ata bilməyibmiş – Z.H.) qərarda deyilir ki, vətəndaşlar “-ov, -yev sonluqlu soyadlarını “–lı” (sözün kökündən asılı olaraq "-li", "-lu", "-lü"), "-zadə", "-oğlu", "-qızı" sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər”. Həmçinin, bütün sənədlərin dəyişdirilməsi rüsumsuz olmalı və dəyişənə qədər adam yeni soyadını istifadə edə bilərmiş.

Çox gözəl, hərtərəfli qərar olub (yeganə bəyənmədiyim “zadə” hissəsidir, çünki bu da farscadır; əvəzində orda “gil” və “soy” sonluqları olmalıydı – Z.H.) və yanılmıramsa, qüvvədə qalır. Bəs niyə dəyişiklik yoxdur, ta bunu hər kəs özü düşünüb, tapsın, məndən bu qədər. Yalnız bir qeyd edim ki, müstəqillik qazanandan bəri rus soyad sonluqlarından imtina edən zəhmətkeşlərimizin sayı cəmi 1 milyon 200 min nəfərdir (Ədliyyə Nazirliyinin 2022-ci ilə olan məlumatıdır və ondan ötən müddətdə böyük dəyişiklik olduğunu düşünmürəm).

Şeytan detallarda, bəzən də şəkilçilərdə gizlənir. Yəni özünüz nəticə çıxarın ki, biz xalq olaraq nə qədər müstəqil və azad düşüncəyə malikik...

İndi keçək gündəmə və orda da bir rus-sovet aşiqinin məhkəməsi başlanmışdır. İmişli Ağsaqqallar Şurasının sədri, keçən il Georgi lenti və SSRİ bayrağı qalmaqalıyla dilə-dişə (oxu: zibilə) düşən Saleh Səmədov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək? mənimsəmədə ittiham edilir. Onun mənimsədiyi vəsait... 200 min manat imiş.

Açığı, bu adamdan tip və davranış olaraq nə qədər zəhləm getsə də, ittiham mənə gülünc gəldi. O boyda rayonun ağsaqqalı olasan və cəmi-cümü 200 min manat mənimsəyəsən...

Təklif edirəm Saleh müəllimi açıb buraxasınız. Çünki 1 ildir həbsdədir, bəs eləyir. İkincisi, ziyanın 44 minini qaytarıbmış (Kimə, bu da maraqlı sualdır. Yəqin digər ağsaqqallara verib). Üçüncüsü, hərəkətindən qismən peşman olduğunu etiraf edibmiş.

Ağsaqqala-ağbirçəyə ölkədə hörmət qalmayıb, vallahi. Belə etsək sabah heç kəs ağsaqqalları dinləməyəcək, onları elçiliyə aparmayacaq, domino masasında yer verməyəcəklər və sairə. 200 minə görə adam tutarlar? Camaat 20 milyon yeyib ortalıqda gəzir... Nırç, nırç. (Bu səsi xüsusi qeyd elədim ki, sayın oxucular müəllifin vəziyyətini aydın təsəvvür etsin. Çox əsəbiyəm. Ağsaqqal teması mənim yaralı yerimdir).

Yeri gəlmişkən, müsəlman aləminin hamısı belə mənəvi deqradasiya yaşayır. Təzəlikcə İndoneziyada nazir müavini tutublar, 170 min dollar oğurladığı üçün. Məhkəmədə adam əla çıxış edib, deyib kaş daha çox əkişdirəydim. Sitat: “Bizim bir həmkar məndən 25 dəfə artıq mənimsəmişdi, ona 6 il həbs verdilər. Məni isə bu ittihamla 5 il həbs gözləyir. Ədalətsizlikdir”.

İndoneziyada dünya müsəlmanlarının 12 faizinin – 200 milyon müsəlmanın yaşadığını düşünsək, dini baxımdan yaxşı vəziyyət deyildir...

Yazını bir statistika məlumatı ilə də bitirək, çox gülməli xəbərdir. Statistika Komitəsində təzə sədr Azər Mursaqulov məlumatların yayılmasına məsul yoldaşı – İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Süleymanovu işdən azad etmişdir. Xəbərdə yazmışdılar ki, Rafael müəllim 48 ildir bu idarədə çalışırmış.

Lakin qəribədir, mən özüm də informasiya sahəsində təxminən elə o qədər müddət işləsəm də, ilk dəfə belə şəxs və vəzifə olduğunu öyrənirdim. O da işdən çıxarılmağı vaxtı... Düşündüm bəlkə mən pis işçiyəm, tanımamışam, Google-də axtarışa verdim. Məlum oldu ki, “Statkom”un ictimaiyyətlə əlaqələrə məsul bu yoldaşının ictimaiyyətlə ən son əlaqəsi... 2015-ci ildə olubdur. Bir agentliyin boşanma statistikası barədə sorğusunu cavablayıbmış.

Təklif edirəm yaxşı axtarmadığı üçün Google-un rəhbərini işdən çıxaraq.

P.S. Maraqlıdır ki, yazıq İsa bəy soyadını rəsmən dəyişsə də, hökumət nümayəndələri uzun müddət ona “Qəmbərov İsa” deməkdə davam etdilər. Bu nə təzyiq-təhqir forması idi, hələ də başa düşə bilmirəm.

Zamin HACI 

Bizə qoşulun