Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə paytaxtda qardaşı oğlunu qətlə yetirməkdə təqsirləndirilən Babək İbadovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Medianews.az lent.az-a istinadən xəbər verir ki, məhkəmə zərərçəkənin hüquqi varisinin ifadəsi ilə davam edib.
Zərərçəkənin hüquqi varisi olan anası İ.S təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirib:
“Yasin Mingəçevir universitetində qiyabi təhsil alırdı. Tətil üçün evə gələcəkdi, amma gəlib çıxmadı. Mən yolpulunu göndərdim ona, mənə dedi ki, Şamaxıya gəlirəm, əşyalarımı qablaşdırmışam. Sonra onun instaqramdakı paylaşımından məlum oldu ki, o Türkiyəyə gedib. Ağlaya-ağlaya qayınlarıma zəng elədim ki, Yasin evə gəlmədi. Onlar da onun ardınca Türkiyəyə getdi. Mənə dedilər ki, Yasin gəlmək istəmədi. Hadisənin necə baş verdiyini görməmişəm. Oğlumun ölümündən hadisənin səhəri gün xəbər tutdum. Qaynımdan şikayətçi deyiləm, onu bağışlamışam”.
Məhkəmə İ.S-nın ilkin istintaq zamanı verdiyi ifadəni elan edib:
“Yasin cinsi azlıq nümayəndəsi idi. Onun bu hərəkətləri ailəmizdə ona qarşı nifrət yaratmışdı. Babək müharibə iştirakçısı idi, o qardaşı oğlunun cinsi azlıq olduğunu qəbul edə bilməzdi”.
Növbəti prosesi 4 mart 17:30-a təyin olunub.
Xatırladaq ki, hadisə 2025-ci il noyabrın 6-da Səbail rayonu, Bəşir Səfəroğlu küçəsində qeydə alınıb. Həmin vaxt 2006-cı il təvəllüdlü Yasin Seymur oğlu İbadov bıçaqlanaraq öldürülüb.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən mərhumun 38 yaşlı əmisi Babək İbadov tutulub.
Qətlə yetirilən “Rüzgar” ləqəbli Yasin İbadovun LGBT nümayəndəsi olduğu bildirilirdi.
Faktla bağlı Nəsimi rayon Prokurorluğunda cinayət işi başlanıb, B. İbadova Cinayət Məcəlləsinin 120.2.2 120.2.4 221.3 228.5 maddələri ilə ittiham irəli sürülüb.