Azərbaycan və Belarus arasında sürücülük vəsiqələri qarşılıqlı şəkildə tanınacaq.
Medianews.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, həmçinin İnsan hüquqları komitələrinin birgə keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə qanun layihəsində əksini tapıb.
Saziş təsdiq olunduqdan sonra iki ölkə arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi mümkün olacaq.
Qeyd olunur ki, sazişin imzalanmasında əsas məqsəd hər iki dövlət arasında avtomobil daşımalarının təhlükəsizliyini artırmaq, yol hərəkətini yaxşılaşdırmaq, sürücülük vəsiqələrinin qarşılıqlı tanınmasını və dəyişdirilməsini təmin etməkdir.
Sazişə əsasən tərəflər səlahiyyətli qurumları tərəfindən öz dövlətlərinin milli qanunvericiliklərinə uyğun olaraq verilmiş daimi və etibarlı sürücülük vəsiqələrinin qarşılıqlı olaraq tanıyırlar. Sazişin müddəaları sürücülük vəsiqələrinin ixtisas imtahanından keçmədən dəyişdirmək hüququnun həyata keçirilməsi, ərizə ilə müraciət qaydaları, müəyyən edilmiş daxili rüsumların ödənilməsi, sürücülük vəsiqələrinin ekvivalentliyi, nümunələrinin mübadiləsi, bunun üçün səlahiyyətli qurumların müəyyən edilməsi, zəruri məlumatların ötürülməsi, fikir ayrılıqlarının həlli və sair məsələləri tənzimləyir.