Medianews.az
Azərbaycanda neçə şəhərin baş planı yenilənib? -
122 baxış

Azərbaycanda neçə şəhərin baş planı yenilənib? - AÇIQLANDI

Azərbaycanda müasir şəhərsalma siyasəti çərçivəsində 79 şəhərdən 68-nin Baş planı yenilənib, qalan 11 şəhərin Baş planı isə hazırlanma mərhələsindədir.

Medianews.az xəbər verir ki, bu fikirləri WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev jurnalistlərə açıqlamasında bildirib. O qeyd edib ki, Bakı şəhərinin 2040-cı ilədək inkişafını nəzərdə tutan Baş plan müasir şəhərsalma yanaşmasının qabaqcıl nümunələrindən biridir. Bu model yığcam şəhər inkişafını, inteqrasiya olunmuş ictimai nəqliyyatı, şəhər regenerasiyasını və keyfiyyətli ictimai məkanların formalaşdırılmasını özündə birləşdirir.

Mənzil təminatı da şəhərsalma siyasətinin əsas istiqamətlərindən biridir. Mənzil İnşaatı Dövlət Agentliyi yaradıldığı vaxtdan indiyədək 12 mindən çox ailə mənzillə təmin olunub.

Komitə sədri bildirib ki, son beş ildə Qarabağ və Şərqi Zəngəzurda infrastruktur və mənzil təminatı layihələrinə təxminən 14,7 milyard ABŞ dolları həcmində investisiya yatırılıb. Ümumi investisiyanın 2028-ci ilədək 18 milyard ABŞ dollarına çatacağı gözlənilir. Layihələr çərçivəsində “ağıllı infrastruktur”, bərpaolunan enerji, dayanıqlı torpaq istifadəsi və rəqəmsal idarəetmə sistemləri tətbiq olunur.

Anar Quliyev vurğulayıb ki, yeni məkan planlaşdırılması sənədlərinə əsasən, region ərazisinin yarıdan çoxu yaşıl zona kimi müəyyən edilib. Qarabağın səmərəli bərpası məqsədilə xüsusi institusional idarəetmə mexanizmləri, o cümlədən Prezidentin xüsusi nümayəndəlikləri yaradılıb.

O əlavə edib ki, Azərbaycan yaşıl enerji layihələrinin icrasını da sürətləndirir. “Masdar” şirkəti ilə tərəfdaşlıq çərçivəsində Qarabağda Günəş elektrik stansiyası layihəsi həyata keçirilir, Xızı-Abşeron külək enerjisi layihəsi isə regionun ən iri yaşıl enerji təşəbbüslərindən biri olacaq. Bu layihələr nəticəsində ölkədə bərpaolunan enerjinin payının 13 faizdən 38 faizə yüksəlməsi gözlənilir.

“Azərbaycan iqlimə həssas planlaşdırma, rəqəmsal transformasiya və inklüziv inkişaf istiqamətində qlobal dialoqa fəal töhfə verməyə və öz təcrübəsini digər ölkələrlə bölüşməyə hazırdır”, – deyə Anar Quliyev vurğulayıb.

Bizə qoşulun