Medianews.az
Azərbaycanlı 24 saata 212 km qaçdı -
122 baxış

Azərbaycanlı 24 saata 212 km qaçdı - Yeni rekord

20–21 iyun tarixlərində Bakıda Azərbaycan tarixində ilk dəfə 6, 12 və 24 saatlıq qaçış üzrə beynəlxalq ultramarafon keçirildi. Yarışda 10 ölkədən 161 idmançı iştirak etdi. Atletlər ümumilikdə 8213 kilometr məsafə qət etdilər.

Medianews.az xəbər verir ki, yarışın mütləq qalibi azərbaycanlı ultramarafonçu Elmir Əsgərov oldu. O, 24 saat ərzində 212 kilometr məsafə qət edərək sutkalıq qaçış üzrə yeni Azərbaycan rekordu müəyyənləşdirdi və əvvəlki milli nəticəni 10 kilometrdən çox yaxşılaşdırdı.

Maraqlıdır ki, Əsgərov ilk 12 saat ərzində 122 kilometr məsafə qət etdi. Bu göstərici ayrıca keçirilən 12 saatlıq yarışın qalibinin nəticəsindən də yüksək oldu. Həmin distansiyanın qalibi təxminən 115 kilometr məsafə qət etmişdi.

Yarış olduqca ağır hava şəraitində keçdi. İki gün ərzində Bakıda havanın temperaturu kölgədə +35 °C-yə çatırdı. Qızmış asfalt üzərində qaçış isə idmançıların orqanizminə düşən yükü daha da artırırdı.

Qalibin sözlərinə görə, ilkin hədəfi ən azı 240 kilometr məsafə qət etmək idi. Lakin ekstremal isti, ağır hava şəraiti və distansiya boyunca yaranan mikrotravmalar onu taktikanı dəyişməyə məcbur edib.

Yarışın artıq səkkizinci saatından sonra Elmir Əsgərov ən yaxın izləyicisi Ağa Əliyevlə 10 kilometrdən çox fərq yaratmışdı. Bundan sonra sağlamlığı riskə atmamaq və əsas hədəflərə fokuslanmaq üçün strateji qərar qəbul edildi: liderliyi qorumaq, Azərbaycan rekordunu yeniləmək və yarışı minimum fiziki itkilərlə başa vurmaq.

20 sentyabrda Elmir Əsgərov 100 kilometr qaçış üzrə dünya çempionatında Azərbaycanı təmsil edəcək. O, həmin yarışda da milli rekordu yeniləmək uğrunda mübarizə aparmağı planlaşdırır.

Qadınlar arasında 24 saatlıq qaçışın qalibi Leyla Abdinova oldu. O, 164 kilometr 420 metr məsafə qət edərək sutkalıq qaçışda belə nəticə göstərən ilk azərbaycanlı qadın idmançı kimi tarixə düşdü. Bu nəticə həm də qadınlar arasında yeni Azərbaycan rekordu oldu.

Komanda hesabında qalib Litvanın “Sorokin Team” komandası oldu. Komanda birinciliyi 6, 12 və 24 saatlıq distansiyalarda idmançıların qət etdiyi ümumi məsafəyə əsasən müəyyənləşdirilirdi.

Litva təmsilçiləri digər iki mütləq kateqoriyada da qələbə qazandılar. 12 saatlıq qaçışın qalibi təxminən 115 kilometr nəticə göstərən Zydrunas Stelmokas oldu. 6 saatlıq distansiyada isə Andrej Jegorov birinci yeri tutdu.

Qadınlar arasında 12 saatlıq yarışda Nərmin Quliyeva qalib gəldi. 6 saatlıq qaçışda isə qadınlar arasında ən yaxşı nəticəni Natalya Vallek göstərdi.

Yarış təkcə yüksək idman səviyyəsi ilə deyil, həm də iştirakçıların geniş yaş diapazonu ilə diqqət çəkdi. Ən gənc iştirakçı 16 yaşlı Sadiq Qəmbərli, ən yaşlı idmançı isə 69 yaşlı Vüqar Tağıyev idi.

69 yaşlı Hüseynağa Səfərovun nəticəsi də xüsusi qeyd olunmağa layiqdir. O, 150 kilometr məsafə qət edərək yarışın ən güclü 10 iştirakçısı sırasına daxil oldu. Top-10-a düşən ən gənc idmançı isə Tural Hüseynli oldu.

Təşkilatçıların sözlərinə görə, Bakıda ilk beynəlxalq ultramarafonun uğurla keçirilməsi Azərbaycanda ultramarafon hərəkatının inkişafı baxımından mühüm addım oldu.

Bizə qoşulun