Futbolda olan intriqalar, cığallıqlar siyasətdəkindən üç-beş qat çoxdur.
Siyasətə nə var ki. Hər deputat seçkisində azı 350 namizəd məhz özünün seçildiyini deyir və parlamentdə cəmi 125 yerin olduğunu nəzərə alanda bilirsən ki, onların 250-si, yumşaq desək, cığallıq edir. Çünki bir yerə 3 namizəd seçilə bilməz. Bu, MTK-ların tikdiyi evlər deyil ki, bir mənzili 3 adama satmaq mümkün olsun. 1 mandatı 3 adama vermək olmaz. (Hərçənd deyilənə görə, “boz kardinal”ın vaxtında 3 adama eyni vaxtda vəd verildiyi olub).
Amma futbolda meydandakı 22 nəfərin 22-si, üstəlik, ehtiyat oyunçular skamyasındakı oyunçular və məşqçilər korpusu, eləcə də onlara qoşulmuş 22-42 minlik azarkeşlər kütləsi də eyni zamanda cığallıq edə bilirlər. Epizodun videoyazısını təkrar-təkrar göstərirlər, görürsən ki, bəli, cərimə meydançasında hücumçunun zərbəylə vurduğu top rəqib müdafiəçisinin əlinə dəydi və qapıya tərəf getmədi. Bilirsən ki, belə vəziyyətdə sözsüz penalti təyin edilməlidir. Amma penaltidən qol yeyəcək komandanın oyunçuları özlərini yerə sürtürlər ki, elə şey yoxdur. Azarkeşlər o tərəfdə bağırışır. Hakim də deyir: “Oynoun, oynoun”. Ertəsi gün bir çox telekanallar, saytlar, bloqlar, vloqlar həmin epizodun videosunu təkrar yayırlar, baxmayan, görməyən qalmır, amma yenə də komandanın azarkeşləri deyirlər, hakim penalti verməməkdə düz eləyib. Vəssalam.
Srağagün “PSJ” ilə “Bavariya”nın oyununda elə bir epizod oldu, hakim dərhal penalti təyin etdi, oyunçular bir az dara-bara saldılar, VAR-dan təsdiq gəldi, ta heç kim dinmədi və penaltidən “Bavariya”nın qapısına qol vuruldu. “Sabah”la “Qarabağ”ın axırıncı oyununda isə birincinin cərimə meydançasında bundan da bariz şəkildə bənzər epizod olmuşdu və Rəvan adlı hakim penalti təyin etməmişdi. Onun mübahisəsi hələ də gedir.
Avropada olsaydı, Rəvana bir daha idarə etməsi üçün mötəbər oyun verməzdilər. Amma burası Azərbaycandır, burada hamı belə haqsızlıqlara vərdiş etdiyi və tez unutduğu üçün bu cür şeylər xroniki olur. Baxarsınız, sabah FİFA beynəlxalq oyunlar üçün Azərbaycandan referi istəsə, AFFA Rəvan Həmzəzadənin namizədliyini verəcək. Sonra idman jurnalistlərimiz onu bizə təşər-təşər “FİFA kokardalı referi” kimi təqdim edəcəklər.
Duraq deyək ki, bacardığımız budur? Elə deyil. Bu, bacarıq, intellekt, intuisiya məsələsi deyil. Bu, dürüstlük, daha dəqiqi, nadürüstlük məsələsidir. Üzgörənlik bizim iliyimizə işləyib. Ona görə də hakimlərimiz gedib VAR-a da baxmırlar, bilirlər ki, VAR-ın monitorunda göz yummaq istədikləri epizodu görəcəklər, onlara isə müəyyən nəticə lazımdır. Yuxarıdan tapşırıq belədir: “Filan komanda udmalıdır”.
Biz gözümüzü açıb görmüşük ki, yuxarılarda kimlərin adları udmalı olanların siyahısında varsa, bütün yarışları da onlar udurlar. Ona görə də belə şeylər bizə təəccüblü gəlmir.
Hamı “Bavariya” deyil ki, desin, eybi yox, penaltidən qol vurdular, vursunlar, əvəzində biz də dörd dənə qol vurarıq.
Yeri gəlmişkən, bunu dünyada təkcə “Bavariya” bacarır. Bu mövsüm çox olub ki, oyunun birinci hissəsinin əvvəlində “Bavariya”nın qapısına qol vurublar. Amma ən geci ikinci hissədə “Bavariya” qol vuran komandanın qapısını aşsüzənə döndərib, azı 4 qol vurub. 6 dənə vurduğu da olub.
Təəssüf ki, o güc hamıda yoxdur. Bəzən bir haqsız penaltiyə görə (ya verilmiş, ya da verilməmiş) ələnən komandalar olur. Onlara deyirlər, bu il belə oldu, inşallah, gələn il bəxtinizə obyektiv hakim düşər.
İndi millət olaraq zaman-zaman qürur duyduğumuz məşqçimiz Qurban Qurbanovun ovqatına, açıqlamalarına baxıram, bir şey qalmayıb, adam şair Məmməd İsmayıl demişkən, əlini üzünə tutub gedəcək. Əfsanəvi Lobanovskidən artıq deyil ki.
Sovet-rus futbolu üçün can qoyan, rus futbolundan dünyada söz etdirən adam 2002-ci ildə vəfat edəndə o ərəfədə keçirilən oyunlarda onun xatirəsi bir dəqiqəlik sükutla yad edilirmiş. Ancaq “Ximki” komandası ilə “Spartak Nalçik”in matçında birincinin vitse-prezidenti Anatoli Bışovets deyib ki, 1 dəqiqəlik sükut-filan ola bilməz, Lobanovskinin Rusiya futboluna nə dəxli var.
Adam beləcə də deyib. Nə var, nə var, 1988-ci ildə Bışovetsin rəhbərlik etdiyi SSRİ yığması olimpiya çempionu olanda Lobanovski deyibmiş ki, elə bir uğur deyil, gedib hansısa dəlləkləri udub gəliblər. Bışovets də vəfat etmiş məşqçidən o sözün qisasını alıb öz aləmində.
İndi qorxasan, Qurban futboldan gedəndən sonra kimsə ortaya çıxa və deyə ki, onun Azərbaycan futboluna nə dəxli var, nə edib ki.
Deyərlərmi? Deyərlər. O potensial bizdə var. Yuxarıda dedik axı, futbol siyasətdən də intriqalı sahədir. İkisindən də bəxtimiz gətirməyib.
**
Dünya köhnə dünyadır, cığalları təzədir.
Samir SARI