Argentinada alimlər Notiomastodon platensis növünə aid təxminən 100 min illik nəhəng diş sümüyü aşkar ediblər.
Medianews.az xəbər verir ki, bu barədə Need To Know jurnalı məlumat yayıb.
Tapıntı Buenos Ayres əyalətində yerləşən Centinela del Mar Təbiət Qoruğunda aparılan qazıntılar zamanı üzə çıxıb. Paleontoloqların sözlərinə görə, uzunluğu 150 santimetrdən çox olan və demək olar ki, insan boyunda olan qədim fil dişi bir neçə metr çöküntü qatının altında mükəmməl vəziyyətdə qorunub saxlanılıb. Mütəxəssislər ölçü və saxlanma vəziyyətinə görə unikal hesab edirlər.
Qeyd olunur ki, Notiomastodon platensis növü təxminən üç metr hündürlüyə çatır və dörd tondan artıq çəkiyə malik olurdu. Bu nəhəng heyvanların təxminən 10 min il əvvəl nəsli kəsilib. Hazırda alimlər tapılan diş üzərində araşdırmalar apararaq onun torpaq altında nə vaxt basdırıldığını dəqiqləşdirməyə çalışırlar. İlkin hesablamalara əsasən, fosilin yaşı 100 min ilə yaxındır.
Medianews.az
