Yay fəslinin gəlişi ilə insanların üz tutduğu əsas məkanlardan biri də çimərliklər olur. Havanın isti keçməsi çimərliklərdə sıxlığı artırsa da, bu dövrdə boğulma hadisələrinin sayı da diqqət çəkir. Mütəxəssislər bildirirlər ki, belə halların əksəriyyəti təhlükəsizlik qaydalarına laqeyd yanaşılması səbəbindən baş verir. Bəs insanlar ən çox hansı səhvlərə yol verirlər? Çimərlikdə boğulma riskini artıran əsas səbəblər nələrdir? Təhlükəsiz istirahət üçün hansı qaydalara əməl olunmalıdır?

Mövzu ilə bağlı Medianews.az-a açıqlama verən təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bildirib ki, dənizdə təhlükəsizlik məsələlərinə ciddi yanaşmaq lazımdır.
Onun sözlərinə görə, çimərliyə planlı şəkildə getmək vacibdir. Çimərliyin düzgün seçilməsi və həmin gün üçün mövcud hava şəraiti mütləq nəzərə alınmalıdır.
Ekspert qeyd edib ki, çimərlikdə təhlükəsizlik üçün “5 qızıl qayda”ya ciddi əməl edilməlidir: “Birinci, əlverişsiz hava şəraitində çimərliyə getmək olmaz. İkinci, üzmə sərhədlərini müəyyən edən xətti keçmək qadağandır. Üçüncü, spirtli içkinin təsiri altında suya girmək olmaz. Dördüncü, xilasetmə xidməti olmayan nəzarətsiz çimərliklərə üz tutmaq təhlükəlidir. Beşinci, uşaqları nəzarətsiz buraxmaq yolverilməzdir”.
E.Nurəliyev vurğulayıb ki, bu qaydalara əməl etmək təhlükəsiz, rahat və sağlam istirahət üçün kifayətdir: “Əlverişsiz hava şəraiti dedikdə günün qaranlıq saatları və küləyin sürətinin saniyədə 10-12 metri keçməsi nəzərdə tutulur. Belə hallarda çimərliyə getmək məsləhət görülmür. Bundan başqa, lüzumsuz yarışlar keçirmək təhlükəlidir və dənizdə sahilə paralel üzmək tövsiyə olunur.
Spirtli içkinin təsiri altında suya girmək boğulma hallarının əsas səbəblərindən biridir. Nəzarətsiz və xilasetmə xidməti olmayan çimərliklər isə adətən çimmək üçün nəzərdə tutulmayan və qadağan edilmiş ərazilərdir.
Rəsmi nəzarətdə olan çimərliklərdə xilasetmə xidməti fəaliyyət göstərir və bu ərazilər daha təhlükəsiz hesab olunur. Çimərlik mövsümü başlamazdan əvvəl aidiyyəti qurumlar tərəfindən həmin ərazilərə baxış keçirilir, suyun kimyəvi və bakterioloji göstəriciləri yoxlanılır, həmçinin dənizin dibi və akvatoriyası müayinə edilir. Yalnız bundan sonra çimərliyin istifadəsinə icazə verilir”.
Elmar Nurəliyev uşaqların nəzarətsiz buraxılmasının ciddi təhlükə yaratdığını diqqətə çatdırıb: “Bəzən valideynlər əyləncə və istirahətlə məşğul olduqları üçün uşaqlar nəzarətdən kənarda qalır və hadisədən xəbər tutanda artıq gec olur.
Hər il dünyada təxminən 400 min insan suda boğularaq həyatını itirir. Statistikaya əsasən, bu halların böyük əksəriyyəti məhz nəzarətsiz çimərliklərdə baş verir. Bu da bir daha göstərir ki, nəzarətsiz çimərliklər təhlükəlidir, nəzarət olunan və xilasetmə xidməti fəaliyyət göstərən çimərliklər isə daha təhlükəsiz hesab edilir”.
O sonda əlavə edib ki, Azərbaycanda Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən hər il yüzlərlə insan boğulma təhlükəsindən xilas edilir. Həmçinin qurumun nəzarət etdiyi çimərliklərdə indiyədək bir nəfər də olsun boğulma hadisəsi qeydə alınmayıb.
Oğuz Ayvaz,
Medianews.az