İyunun 7-dən dünya birjalarında “Brent” markalı neftin qiyməti davamlı olaraq ucuzlaşır və hazırda 91 dollardan bir qədər baha satılır. Hətta son gün ərzində İran-İsrail və ABŞ-İran hərbi toqquşması belə bu qiymətləri artıra bilmədi. Səbəb nədir?

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Medianews.az-a deyib ki, həqiqətən də bazarın reaksiyası ilk baxışda paradoksal görünür: “Yaxın Şərqdə gərginlik artır, ABŞ və İran arasında qarşıdurma riski qalır, amma “Brent” 100 dolları keçmək əvəzinə hazırda 91-92 dollar arasında ticarət edilir.
Bunun əsas səbəbi odur ki, bazar artıq geosiyasi riskdən çox, həmin riskin real fiziki təchizata təsirini qiymətləndirir.
Neft qiymətlərinin son həftə üzüaşağı getməsinə təsir edən amillər sırasında ABŞ rəsmilərinun Hörmüz boğazından keçən tanker axınının artması haqda açıqlamalarını göstərmək olar. Bazar üçün əsas məsələ İranın İsrailə atdığı raketlər deyil, gündəlik milyonlarla barrel neftin hərəkətidir. Tankerlər hərəkət edirsə, demək, qiymətlər üzərində təzyiq də azalır. Son gündə Körfəz ölkələrinin neft infrastrukturu isə hansısa təzyiqlə üzləşmədi.
Bundan əlavə, iyun ayının əvvəlindən analitiklər Çin başda olmaqla bir sıra ölkələrdə neft istehlakının proqnoz edilən həddən aşağı düşdüyünü qeyd edirlər. Əgər istehlak zəifləyirsə, təklifdəki problemlər qiymətlərə əvvəlki qədər güclü təsir etmir.
Həmçinin OPEC+ üzrə atılan addımlar da bazara öz təsirini göstərir. Artıq ikinci aydır ki, OPEC+ çərçivəsində gündəlik hasilatın 188 min barel səviyyəsində artımı barədə razılaşma əldə edilir. Bu isə qlobal bazara əlavə həcmdə neftin daxil olması deməkdir. Nəticədə qiymətlər hətta qısamüddətli hərbi toqquşmalar zamanı belə üzüyuxarı deyil, azalmağa meylli olur”.
Qeyd edək ki, OPEC+ koalisiyası iyulun 1-dən xam neftin gündəlik hasilat normalarını dəyişir. Belə ki, Səudiyyə Ərəbistanı hasilatı 10 milyon 353 min, Rusiya 9 milyon 824 min, İraq 4 milyon 378 min, Küveyt 2 milyon 644 min, Qazaxıstan 1 milyon 608 min, Əlcəzair 995 min, Oman 831 min barrel müəyyən edə bilər.
Qalan ölkələr üzrə hasilat həddi belədir:
Meksika – 1 milyon 753 min barrel
Nigeriya – 1 milyon 500 min barrel
Azərbaycan – 551 min barrel
Malayziya – 401 min barrel
Konqo – 277 min barrel
Bəhreyn – 196 min barrel
Qabon – 177 min barrel
Cənubi Sudan – 124 min barrel
Bruney – 83 min barrel
Ekvatorial Qvineya – 70 min barrel
Sudan – 64 min barrel.
OPEC-ə Ekvatorial Qvineya, Əlcəzair, İraq, İran, Konqo, Küveyt, Liviya, Qabon, Nigeriya, Səudiyyə Ərəbistanı, Venesuela daxildir, Azərbaycan, Bəhreyn, Braziliya, Bruney, Cənubi Sudan, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan tərəfdaşlar sayılır.