Medianews.az
Dünya bazarında qiymətlər yüksəlir: Azərbaycanda yeni bahalaşma gözlənilir? –
86 baxış

Dünya bazarında qiymətlər yüksəlir: Azərbaycanda yeni bahalaşma gözlənilir? – Ekspertdən MÜHÜM AÇIQLAMA

Dünya bazarında ərzaq qiymətlərinin artımı davam edir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, apreldə qlobal ərzaq qiymətləri son üç ildən çox müddətdə ən yüksək səviyyəyə çatıb. Xüsusilə bitki yağları və ət məhsullarında qeydə alınan bahalaşmanın əsas səbəbləri arasında geosiyasi gərginliklər və logistika riskləri göstərilir. Dünya bazarındakı bahalaşma Azərbaycanda ərzaq təhlükəsizliyinə təsir edə bilərmi?Yaxın aylarda ərzaq qiymətlərində daha ciddi artım müşahidə oluna bilərmi?


Mövzu ilə bağlı Medianews.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, dünya bazarındakı ərzaq bahalaşması Azərbaycana birbaşa təsir göstərə bilər. Çünki ölkə bir sıra əsas ərzaq məhsullarını idxal edir.

Onun sözlərinə görə, buğda, bitki yağı, şəkər və bəzi süd məhsulları üzrə xarici bazardan asılılıq yüksək olduğundan qlobal qiymət artımı daxili bazara nisbətən tez yansıyır:

“Xüsusilə bitki yağları sahəsindəki bahalaşma istehlakçı səbətinə birbaşa təsir edir, çünki bu məhsul Azərbaycanda gündəlik istifadədə çox geniş yer tutur. Geosiyasi gərginliklər və logistika riskləri məsələsinə gəldikdə, Qara dəniz regionundakı vəziyyət Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Ukrayna və Rusiya dünya taxıl ixracatında mühüm yer tutur və bu bölgədəki hər hansı gərginlik Azərbaycana daxil olan taxıl axınına birbaşa təsir göstərə bilər. Bundan əlavə, Cənubi Qafqaz tranzit marşrutlarındakı logistika xərcləri də son illərdə artıb.

Yaxın aylarda daha ciddi artım ehtimalına gəlincə, bir neçə amil bunu mümkün edir. Yay aylarında ərzaq tələbatının artması, manat üzərindəki effektiv məzənnə təzyiqi və idxal xərclərinin yüksəlməsi qiymətlərə əlavə təzyiq yarada bilər. Bununla belə, Azərbaycanın öz kənd təsərrüfatı potensialı, dövlət ehtiyatları və qiymət tənzimləmə mexanizmləri bu təsiri müəyyən dərəcədə yumşalda bilər”.

Ekspert sonda qeyd edib ki, ərzaq təhlükəsizliyi baxımından ən böyük risk tək bir mənbədən asılılıq deyil, qiymət şoklarının aşağı gəlirli əhaliyə olan təsiridir:

“Əgər qlobal bahalaşma davam edərsə, sosial həssas təbəqələr üçün ərzaq xərclərinin ailə büdcəsindəki payı daha da ağırlaşacaq. Hazırda bu xərclər ailə büdcəsinin 50%-inin üstündədir ki, bu da kifayət qədər mənfiuə doğru yüksək göstərici sayılır”.

Oğuz Ayvaz
Medianews.az

 

 

Bizə qoşulun