Medianews.az
Gültəkin Hacıbəylinin evində axtarış aparılıb -
142 baxış

Gültəkin Hacıbəylinin evində axtarış aparılıb - DTX-yə aparıldığı bildirilir

Medianews.az xəbər verir ki, əldə edilmiş məlumata əsasən, Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev və digərləri barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi çərçivəsində Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəylinin yaşadığı ünvanda axtarış aparılıb.

Məlumata görə, axtarış tədbirlərindən sonra Gültəkin Hacıbəyli şahid qismində ifadə vermək üçün DTX-yə dəvət olunub. Hazırda onun istintaq orqanında olduğu bildirilir.

Xatırladaq ki, Gültəkin Hacıbəyli Ramiz Mehdiyevlə bağlı başlanmış cinayət işi çərçivəsində istintaqa cəlb olunub. O, ötən ilin sonlarında Türkiyədə saxlanılmış, daha sonra Azərbaycana deportasiya edilmişdi. Deportasiya edildikdən sonra hava limanında miqrasiya orqanlarının əməkdaşları tərəfindən qarşılanmış, lakin həmin vaxt istintaqa aparılmamışdı.

Bu gün isə onun istintaqda ifadə verməsi prosesi başladığı bildirilir.

Məsələ ilə bağlı rəsmi qurumların əlavə açıqlaması olarsa, məlumat yenilənəcək.

Bizə qoşulun