İran 2026-cı ildə keçiriləcək Futbol üzrə Dünya Çempionatında iştirak edəcək.
Bu barədə İran hökumətinin sözçüsü Fateme Mohacerani bu gün mətbuat konfransında bildirib.
O, İran yığmasının Futbol üzrə Dünya Çempionatında iştirak edəcəyini təsdiqləyib.
Hökumət sözçüsü əlavə edib ki, mundialda iştirak üçün hazırlıqlar görülür.
Qeyd edək ki, bir müddət əvvəl idman naziri Əhməd Donyamali İranın 2026-cı ildə keçiriləcək Futbol üzrə Dünya Çempionatında iştirak etməyəcəyini bildirib. Əhməd Donyamali deyib ki, milli komandanın yarışda iştirak etməsi üçün təhlükəsizlik şəraiti uyğun deyil.
ABŞ Prezidenti Donald Tramp isə İran yığmasının dünya çempionatında iştirakının onların həyatı və təhlükəsizliyi baxımından uyğun olduğuna inanmadığını bəyan edib.
Qeyd edək ki, Futbol üzrə Dünya Çempionatı 2026-cı ilin yayında ABŞ, Kanada və Meksikada keçiriləcək. İran G qrupunda Belçika, Misir və Yeni Zelandiyaya qarşı mübarizə aparacaq./APA