Hindistanda itkin düşən qızın otağında tapılan ilan dərisi kənddə təşvişə səbəb olub.
Medianews.az xəbər verir ki, bu barədə India Today nəşri məlumat yayıb.
Hadisə Uttar Pradeş ştatının Auraiya rayonunda qeydə alınıb. Qızın qohumları onun yatağında paltara bükülmüş ilan dərisi aşkar ediblər. Sonra onlar panikaya düşərək polisə müraciət ediblər.
Tapıntı kənddə müxtəlif şayiələrin yayılmasına səbəb olub. Bəziləri qızın fövqəltəbii qüvvələrin qurbanı olduğunu, digərləri isə onun mifoloji ilan qadını – naqaya çevrildiyini iddia edib.
Lakin aparılan istintaq hadisənin mistik deyil, planlaşdırılmış qaçış olduğunu üzə çıxarıb. Polis bildirib ki, qız sevgilisi ilə birlikdə qaçmağı əvvəlcədən planlaşdırıb və axtarışları çaşdırmaq üçün ilan dərisini qəsdən otaqda qoyub.
Hazırda itkin düşən qızın telefonu nəzarət altındadır və onun tapılması istiqamətində axtarışlar davam etdirilir.
Medianews.az
